Ermin Zets: Qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik
"Qəbələ"nin hücumçusu Ermin Zets Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Qarşıdakı oyunla bağlı nə deyə bilərsiniz?
- Bizi çətin oyun gözlədiyini deməklə yəqin ki, yenilik etməyəcəyəm. Bu oyun klubumuz üçün çox böyük əhəmiyyət daşıyır. "Qəbələ" tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilər. Buna nail olmaq çox çətin olacaq. Çünki biz "Panatinaikos" kimi böyük kluba qarşı, özü də səfərdə oynayacağıq. Bu rəqibə qarşı ilk oyunda yaxşı futbol göstərdik. Həmin oyun cavab matçı öncəsi uğur qazanmağa ümid verir.
- Yəqin ki, uğur qazanmaq yolunda hücumçulardan daha çox şey gözlənildiyini başa düşürsünüz...
- Əlbəttə. Biz hücumçu olaraq qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Amma cavab matçında uğur qazanmaq üçün hansı xəttin qol vurması o qədər də önəmli deyil. Əsas odur ki, "Qəbələ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın.
- Artıq yeni klubunuza tam uyğunlaşa bilmisiniz?
- Məndə hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Yeni komandama faydalı olmaq istəyirəm.
- Azərbaycana gələn ən bahalı futbolçulardan birisiniz. Bu fakt sizə nəsə deyir?
- Heç nə. Belə şeylər barədə düşünmürəm. Düzünü deyim ki, heç maraqlı da deyil. "Qəbələ" məni dəvət etdi, mən də gəldim. Əsas odur ki, özümü burada çox yaxşı hiss edirəm. Əminəm ki, bundan da yaxşı oynamağı bacaracağam.
