27 avqust 2015 00:10

Qarabağla Qəbələ üçün davam və tamam anı!

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin bu mərhələsində təmsil edən komandalar - "Qarabağ"la "Qəbələ" də beynəlxalq arenada növbəti sınaqlarına çıxacaqlar.

Xatırladaq ki, son Azərbaycan çempionu "Qarabağ" bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzdu (səfərdə 0:1, evdə 0:0) və hazırda Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qaldı.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan "Qəbələ" isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız son olaraq Kipr "Apollon"una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0).

Klublarımızın pley-off mərhələsindəki rəqibləri daha ciddi komandalardır. "Qarabağ" bu mərhələdə İsveçrə "Yanq Boyz"unu mübarizədən kənarlaşdırmalıdır. Səfərdə keçirilmiş ilk oyunda 1:0 hesablı qələbəyə nail olmuş Ağdam klubu belə bir uğura imza atmağa çox yaxındır. Hər halda evdə istənilən hesablı heç-heçə və qələbə "Qarabağ"ı tarixində ardıcıl ikinci dəfə Avroliqanın qrup mərhələsinə daşıyacaq. "Qəbələ"ni isə Yunanıstan nəhəngi "Panatinaikos"la çətin duellər gözləyir. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib. Bu üzdən də Roman Qriqorçukun komandası çətin Afina səfərində ən azı qollu heç-heçə ilə də mərhələ adlaya bilər. Düzdür, buna nail olmaq çox çətin görünsə də, mümkünsüz də deyil.

Hələlik isə, rəqibləri qısaca da olsa, tanıyaq. 1898-ci ildə yaranmış "Yanq Boyz"un 117 yaşı var. Bu komanda İsveçrənin paytaxtı və dördüncü böyük şəhəri olan Berni təmsil edir. "Yanq Boyz" ev oyunlarını 32 min azarkeş tutumu olan "Stad de Suiss"də keçirir. Klubun prezidenti Verner Müllerdir. Komandanın baş məşqçisi isə bir müddət öncəyə kimi Ulrix Forte idi. Amma o, komandanın çempionata uğursuz startı, eləcə də avrokuboklarda pis çıxış etməsi səbəbindən istefaya göndərilib. Bu üzdən də hazırda "Yanq Boyz"u müvəqqəti olaraq köməkçi məşqçi Harald Qamperle çalışdırır.

"Yanq Boyz" İsveçrənin ən titullu klublarından biri hesab olunur. Belə ki, bu klub indiyə qədər 11 dəfə ölkə çempionu olub. 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırmış komanda, 1 dəfə də Liqa Kubokuna sahib çıxıb. Amma "Qarabağ"ın rəqibi artıq uzun illərdir ki, əvvəlki əzəmətindən uzaqdır. Belə ki, sonuncu dəfə 1985/86 mövsümündə çempion olmuş bu komanda növbəti mövsümdə də ölkə kubokunu qazanıb və ondan sonra belə uğurlara həsrətdir.

Buna baxmayaraq, "Yanq Boyz" mütəmadi olaraq, avrokuboklara vəsiqə qazanır və qitə arenasında böyük təcrübəyə malikdir. Bu komanda həm 80-ci illərə qədərki əzəmətli vaxtlarında, həm də ondan sonrakı dövrdə avrokuboklara vəsiqə qazanmağı bacarıb. Vaxtilə ən çox mübarizə apardığı İntertoto Kubokunda hər il qrup mərhələsində çıxış edən "Yanq Boyz" son 10 ildə də Avropa Liqasında oxşar uğurlara imza atmaqdadır.

Bu mövsüm isə "Qarabağ"ın rəqibi mübarizəyə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən başlayıb. İsveçrə klubu Fransanın "Monako" komandasına evdə 1:3, səfərdə 0:4 hesabıyla uduzaraq, Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalıb. Bir sözlə, "Qarabağ" kimi, rəqibi də Avroliqaya ÇL-dən gəlib. Sadəcə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışdı.

"Yanq Boyz" İsveçrə çempionatının son mövsümündə ikinci yeri tutmaqla ÇL-in üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Keçirdiyi 36 oyunda 66 xal toplayan komanda çempion "Bazel"dən 12 xal geri qalıb. 19 qələbə qazanıb, 9 heç-heçə edən Bern klubu 8 dəfə də məğlubiyyətlə üzləşib. Rəqib qapılarından 64 top keçirən "Yanq Boyz" özü 45 dəfə məyus olub.

Hazırda İsveçrə çempionatında yeni mövsüm gedir. Geridə qalan 6 turda cəmi iki qələbə qazanan komanda, üç oyunda heç-heçə edib və bir dəfə də məğlubiyyətlə üzləşib. "Yanq Boyz" hazırda 9 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.

"Qarabağ"ın rəqibi ilə müqayisədə, "Qəbələ"nin mübarizə apardığı "Panatinaikos" daha nəhəng rəqib təsir bağışlayır. Yunanıstanın ən böyük klublarından olan "Panatinaikos" 1908-ci ildə yaradılıb. 107 yaşı olan komanda paytaxt Afinanı təmsil edir. Komanda ev oyunlarını 16 000 azarkeş tutumuna malik Apostolos Nikolaidis adına stadionda keçirir. Klubun prezidenti Yannis Alafuzos, baş məşqçisi Yannis Anastasiudur.

"Panatinaikos" Yunanıstanın ən titullu klublarından sayılır. Bu komanda 20 dəfə ölkə çempionu olub. 18 dəfə Yunanıstan kubokunu başı üzərinə qaldırmış afinalılar 5 dəfə də superkuboka sahib çıxıblar ki, sonuncu göstəricisinə görə ölkənin rekordçusu hesab olunurlar. Paytaxt təmsilçisi 8 dəfə daxili turnirlərin hər ikisində qalib gəlməklə qızıl dubla imza atıb.

Yunanıstan nəhəngi təkcə daxili yox, həm də xarici arenadakı uğurları ilə öyünə bilər. Bu komanda 1971-ci ildə Çempionlar Liqasının finalında uduzaraq, qızıl medalları əldən verib. İki dəfə (1985 və 1996-cı illərdə) bu turnirin yarımfinalçısı olub. 1992 və 2002-ci illərdə isə mübarizəni 1/4 finalda dayandırmalı olub. "Panatinaikos" indi Avroliqa adlanan UEFA Kubokunda da 1988 və 2003-cü illərdə 1/4 finala çıxmasına rəğmən, mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qəbələ"nin rəqibi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən başlayıb. "Panatinaikos" buna Yunanıstan çempionatının son mövsümündə ikinci yeri tutmaqla nail olub. "Qarabağ" və onun rəqibi "Yanq Boyz" kimi, Yunanıstan nəhəngi də ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olaraq, Avroliqada mübarizə aparmaq məcburiyyətində qalıb. Bu komanda doğma meydanda Belçikanın "Brügge" klubuna 2:1 hesabıyla qalib gəlsə də, səfərdə 0:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni dayandırıb.

Göründüyü kimi, təmsilçilərimizin budəfəki rəqibləri sıradan komandalar deyil. Amma işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. Cavab matçını doğma meydanda keçirəcək "Qarabağ"ın mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilir. Səfərdə sərfəli nəticə qazanan təmsilçimiz Bakıda azarkeşlərinin də dəstəyi sayəsində növbəti qələbəsini rəsmiləşdirməyə borcludur. Bu, həm klubun, həm də ölkəmizin reytinq xalını zənginləşdirmək baxımından önəmlidir. "Qəbələ" isə səfərdəki cavab qarşılaşmasında hətta heç-heçə ilə də mərhələ adlasa, bu, tarixi bir uğur sayılacaq. Çünki Roman Qriqorçukun komandası bu mövsüm ilk dəfə pley-offa qədər irəliləyib və avrokubokların qrup mərhələsində oynamayıb. Tarix yazmaq üçün isə Afinada futbolçuların bütün imkanlarını səfərbər etmələrinə ehtiyac var.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 13.250 reytinq xalı var ki, onun da 2.750 xalı cari mövsümdə qazanılıb ("Qəbələ" - 1.000, "İnter" - 0.750, "Qarabağ" - 0.750, "Neftçi" - 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Klublarımıza gəlincə, "Qarabağ" 11.575 xalla klub sıralamasında Avropanın 133-cü, "Qəbələ" isə 4.325 reytinq xalı ilə 283-cüdür. Rəqiblərə gəlincə, "Yanq Boyz" 23.895 xalla 79-cu, "Panatinaikos" da 14.240 xalla 114-cüdür.

Avropa Liqası
Pley-off mərhələsi
(cavab oyunları)
27 avqust

21:00. "Qarabağ” - "Yanq Boyz"
Hakimlər: Gediminas Majeyka, Vitautas Şimkus, Vitenis Kazlauskas, Sergey Sliva (Litva).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 1:0.

23:00. “Panatinaikos” - “Qəbələ”
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Tomaş Mokoş, Peter Kraloviç (Slovakiya).
Afina. Apostolos Nikolaidis adına stadion.
İlk oyun - 0:0.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.