Qriqorçuk: Qalib gəlmək şərti ilə Panatinaikosa qarşı sabaha qədər də oynamağa hazırıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi bu gün Afinada mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
- Belə oyunlarda bəxt olmadan keçinmək olmaz. Adi qaydada hazırlıq keçmişik. Gərgin qrafiklə oynayırıq. İtkilərimiz hər kəsə bəllidir. Qalan futbolçular isə oyuna hazırdırlar. Sabah elə bir oyuna çıxacağıq ki, hər bir futbolçu bu görüşə həyatının ən vacib hadisələrindən biri kimi yanaşmalıdır. Futbolçularımızın meydanda tam güclərini qoyacaqlarına şübhə etmirəm. Əminəm ki, sabah biz tamamilə fərqli oyun göstərəcəyik.
- Cavab matçının keçiriləcəyi stadionun qazonu barədə nə deyə bilərsiniz?
- Bakıdakı oyunda həm biz, həm də yunanlar öz hərəkətlərinə maksimum diqqətli olmağa çalışırdılar. Çünki qazonun vəziyyəti ideal deyildi. Amma cavab görüşündə daha kombinasiyalı futbolun şahidi olacağıq. Buna hansı komanda daha yaxşı şəkildə nail olsa, o da növbəti mərhələyə vəsiqə qazanacaq. Qazonun vəziyyətinin yaxşı olması həm bizim üçün yaxşıdır, həm də "Panatinaikos" üçün.
- "Qəbələ" tribunaların güclü təzyiqinə hazırsınız?
- Sabah stadionda yaşanacaqları təsəvvür edirəm. Hesab edirəm ki, hər iki komandanın heyətində kifayət qədər təcrübəli futbolçular yer alır. Ona görə də hansısa problem olacağını düşünmürəm. Biz öz sakitliyimizi qorumalı, maksimum oyunumuza köklənməliyik. Əlbəttə, öz azarkeşlərimizin yoxluğunu hiss edəcəyik. Onlar ev oyunlarında bizi möhtəşəm dəstəkləyirlər. Bu, komandamız üçün böyük üstünlük idi. Sabah isə belə bir üstünlüyümüz olmayacaq. Lakin bunu çatışmazlıq hesab etmirəm.
- Futbolçular cütün taleyinə 90 dəqiqə ərzində aydınlıq gətirmək istədiklərini deyirlər. Bəs siz?
- Sabaha qədər də oynamağa hazıram, amma sonda biz qalib gələk. Qələbə naminə hər şeyə hazıram. Lazım gəlsə, 100 penalti vurarıq. Əsas odur ki, qələbə bizim olsun.
- Samir Zərgərovun əvəzində sabah Asif Məmmədovu meydana buraxmağınız daha yaxşı olmazdımı? Çünki birinci Bakıdakı oyunda zəif təsir bağışlamışdı...
- Bu, sizin fikrinizdir. Mübahisə etməyəcəyəm. Kimin oynayacağını isə indidən deyə bilmərəm. Heyətlə bağlı yekun qərarımı sabah verəcəyəm. Hazırda hər bir futbolçumuzun meydana çıxmaq şansı var.
