Qurban Qurbanov: Penalti vuracaq futbolçularımızı müəyyənləşdirmişəm
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Səfər oyununda qələbə qazansaq da, heç bir eyforiya yoxdur. Azarkeşlər və mətbuat nümayəndələri daha sakitdirlər, nəinki komanda üzvləri. Başa düşürük ki, yaxşı şans əldə etmişik və oynamaq lazımdır. Rəqibi qiymətləndirmək çox vacibdir. Çünki İsveçrə klubunun avrokuboklarda böyük təcrübəsi var. Bizə bir qol da bəs edir. Amma qol vurmaya da bilərik. Əsas bizə sərf edən nəticəyə nail olmaqdır. Ola bilsin ki, baxımlı oyun alınmasın. Amma sürətli oyun olacağını düşünürəm. Ona görə də müdafiəni gücləndirmək lazımdır".
Qurbanov matçın penaltilərə qədər uzanmaq ehtimalına da toxunub: "Ümid edirəm ki, matç penaltilərə qədər uzanmaz. Çünki penalti lotoreyadır. Penaltilərə xüsusi hazırlaşmamışıq. Bir aydır penaltilər üzərində çalışırıq. Penaltilərə ehtiyac duyulacağı halda kimlərin penalti vuracağını da müəyyənləşdirmişəm".
