Raydell Pupon: Yanq Boyz Bakıda Seltik kimi oynamayacaq
"Qarabağ"ın hücumçusu Raydell Pupon Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, öncə Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni (2:0) şərh edib:
"Əsas heyətdə gənc futbolçularla birgə oynadım. Birinci hissədə müəyyən çətinliklərimiz oldu. Amma fasilədən sonra daha yaxşı oynamağa başladıq. Fikrimcə, komandamız yaxşı futbol sərgiədi və layiqli qələbə qazandı".
Hollandiyalı futbolçu Ağdam klubuna uyğunlaşmasına da toxunub: "İmkanım daxilində əlimdən gələni edirəm ki, özümü yaxşı tərəfdən göstərim, komandama faydalı olum. Fikrimcə, AZAL ilə oyunum uğurlu alındı. Düzdür, qol vura bilmədim. Amma bunun üçün çox çalışdım. Mənim üçün qol vurmaqdan daha da önəmli olan komandamın uğur qazanmasına kömək etməkdir. Hücumların qurulmasında, qol vəziyyətlərinin yaranmasında iştirak etməyim daha önəmlidir".
Pupon "Yanq Boyz"la cavab matçına dair gözləntilərini də dilə gətirib: "Əlbəttə, isveçrəlilər Bakıdakı oyunda da hücum etməyə, qol vurmağa çalışacaqlar. Biz də onlardan geri qalmamağa çalışacağıq. Əsas onlar üçün boşluqlar buraxmamaqdır. Öz gücümüzə inanırıq".
Raydellin sözlərinə görə, bu dəfəki ev oyunu Şotlandiya "Seltik"i ilə Bakıdakı görüşdən fərqli olacaq: "Yanq Boyz"la oyuna "Seltik"ə qarşı görüş kimi yanaşmamalıyıq. Şotlandlar Bakıya qalib qismində gəlmişdilər. Ona görə də onlar cavab matçında çox da fəal hücumlar təşkil etmirdilər, hesabı qorumaqla məşğul idilər. "Yanq Boyz" isə ilk oyunda məğlub olduğundan Bakıda daha çox hücum etməyə çalışacaq. Ona görə də tam fərqli bir qarşılaşma olacaq".
