Ruslan Abışov: Həmin matçı heç kim xatırlamaq istəmir
Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- Komandanızın Premyer Liqanın ilk üç turu ərzindəki çıxışını necə qiymətləndirə bilərsiniz?
- Beş xal pis nəticə deyil. Amma daha çox, məsələn, 7 xal da toplaya bilərdik. Hətta doqquz xalın hamısını toplamaq da olardı. Xüsusilə də "Sumqayıt"la oyunda qələbə qazanmalıydıq.
- Komandanın yeni üzvləri üçün matçları kənardan izləmək yəqin ki, çətin idi...
- Şəxsən mənə çox çətindir. Hətta komanda oyundan öncə məşq edərkən də paltardəyişmə otağında qalırdım. Amma artıq hər şey geridə qaldı. Dördüncü turda biz də meydana çıxa biləcəyik.
- Ola bilər ki, yeni futbolçuların meydana çıxması "Xəzər Lənkəran"ın oyununu böyük ölçüdə dəyişsin?
- İk oyunlarımızda bir qədər çətinliklər olacaq. Çünki oyun təcrübəmiz azalıb. Amma sonrakı oyunlarda təbii ki, yaxşılığa doğru dəyişikliklər mütləq olacaq. Baxmayaraq ki, ilk oyundan etibarən nəticə qazanmağa, yaxşı oyun sərgiləməyə, bizdən uğur gözləyən Lənkəran camaatını sevindirməyə çalışacağıq. Bizi də komandaya ona görə dəvət ediblər ki, "Xəzər Lənkəran"ı çempionatın liderlər qrupuna qaytaraq.
- Debütünüz "Qarabağ"la səfər oyununa təsadüf edəcək...
- Bu oyuna yaxşı hazırlaşmağımız lazımdır. Çempionla oyunda debüt etmək asan olmayacaq. Amma biz hamımız təcrübəli futbolçularıq.
- Siz və Vüqar Nadirov oyun təcrübənizin olmamasına baxmayaraq, yığma komandamıza dəvət olunmusunuz. Robert Prosineçkidən dəvət gözləyirdiniz?
- Dəvət gözləyirdim. Artıq neçə ildir ki, yığmada çıxış edirik. Bunu özümə görə demirəm, amma məncə, yığmada təcrübəli futbolçular çıxış etməlidir.
- Əksər komanda yoldaşlarınız Xorvatiyaya qarşı layiqli müqavimət göstərib, səfərdə Malta üzərində qələbə qazanmaqdan dəm vurur. Bəs siz necə düşünürsünüz?
- Biz öz meydanımızda istənilən rəqibə qarşı yaxşı çıxış edə bilərik. Bunun üçün yetərincə gücümüz də var. Xorvatiya ilə oyun da istisna olmayacaq. Ən azı heç-heçəyə ümid edə bilərik. Əlbəttə, rəqib çox güclüdür. Onlar hazırda layiqli şəkildə qrup lideridirlər.
- Amma millimizin 0:6 hesabıyla uduzduğu oyunu heç kim yada salmır. Hətta qisas almaq haqda da düşünən yoxdur.
- Çünki heç kim həmin oyunu xatırlamaq istəmir. Revanşa gəlincə, gəlin sentyabrın 3-dəki oyunu gözləyək.
