Mahir Mədətov: 2-ci hissəyə çıxanda Qurban Qurbanov vurduğum qolu unutmağı tapşırdı
"Qarabağ"ın yarımmüdafiəçisi Mahir Mədətov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL-a qarşı səfərdə keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Bir qədər həyəcanlı idim. Çünki yeni komandamda debüt matçıma çıxmışdım. Amma meydanda nə iləsə yadda qalmaq istəyirdim. Qol vurmaq və ya qol ötürməsi etmək yaxşı olardı. Fikrimcə, pis oynamadım. Amma daha yaxşı oynaya bilərəm. Sadəcə, hələ tam uyğunlaşa bilməmişəm. Düzünü deyim ki, start heyətdə yer alacağımı gözləmirdim. Çünki ötən tur "Rəvan"la matçın iştirak ərizəsində yer almamışdım. Bu dəfə isə mənə şans verdilər. Bundan sonra da baş məşqçinin ümidlərini doğrultmağa çalışacağam. İkinci hissədə meydana çıxarkən Qurban Qurbanov vurduğum qolu unutmağı tapşırdı. Çünki qarşıda daha 45 dəqiqə var idi və işləmək lazım idi. Hücumda mənə sərbəstlik verilmidi. Amma top rəqibdə olanda arxa xəttə kömək etməliydim".
