Bədavi Hüseynov: Növbəti mərhələyə vəsiqənin taleyinə Bakıda aydınlıq gələcək
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə ilk oyunda səfər qələbəsinə sevindiniz. Matçla bağlı nə deyə bilərsiniz?
- Asan oyun olmadı. Rəqibimiz çox güclü idi. "Yanq Boyz"un hücum xəttində çıxış edən futbolçular çox sürətlidirlər. Birinci hissədə üstünlük rəqib komandanın tərəfində idi. İkinci hissədə isə çətinliklə də olsa, oyunda bərabərlik yarada bildik. Bütövlükdə, bərabər səviyyəli qarşılaşma keçdi.
- Səfərdə qələbə sizin üçün gözlənilməz olmadı?
- Mənə elə gəlir ki, bu qələbə çox adam üçün gözlənilməz oldu. Əksəriyyət bizim səfərdə "Yanq Boyz"a qalib gələcək gücdə olmadığımızı düşünürdü. Amma şükür allaha ki, bu, bizdə alındı.
- Rəqib hücumçulara qarşı oynamaq çox çətin idi?
- "Yanq Boyz"un yaxşı hücumçuları var. Məsələn, Oaro yüksək səviyyəli, fiziki cəhətdən güclü futbolçudur. Biz onu diqqətdən kənarda qoymamağa çalışırdıq. Üstəlik, onu cərimə meydançasına yaxın buraxmamaq tapşırığı almışdıq. Fikrimcə, verilən tapşırıqları düzgün yerinə yetirdik.
- Siz iki dəfə süni oyundankənar vəziyyət yaratmağa çalışsanız da, alınmadı. Rəqib isə bu şanslardan yararlana bilmədi...
- Həmin epizodları xatırlamıram. Səhvlərimiz varsa, baş məşqçi bunları mütləq söyləyəcək.
- "Qarabağ"ın qrup mərhələsinə vəsiqənin taleyinə 70 faiz aydınlıq gətirdiyini demək olar?
- Xeyr. Hər şeyə Bakıdakı oyunda aydınlıq gələcək. Fikrimcə, şanslar hələ də bərabərdir. Ona görə də çox ciddi hazırlaşmağımız lazımdır.
- AZAL-la çempionat oyunundan nə gözləyirsiniz?
- Rəqibə qol və xal lazım olduğunu bilirik. Deməli, onlar daha çox hücum etməyə çalışacaqlar. Amma biz də bu oyuna ciddi hazırlaşırıq və uğur qazanmaq istəyirik.
- "Qarabağ" növbəti 3 xalını qazanmağa hazırdır?
- Meydana ancaq bunun üçün çıxacağıq Xal ehtiyatımızı yaxşılaşdırmaq istəyirik.
