Şahin Diniyev: Qəbələdən güclü olduğumuzu demək absurd olardı
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri səfər matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Qəbələ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"una qarşı çox ağır oyun keçirdi. Onlar Afina klubu ilə cavab görüşü ərəfəsində güman ki, əsas heyəti qorumağa çalışacaqlar. Bu, sizə üstünlük verir?
- Belə düşünmək istəməzdim. "Qəbələ" ölkənin ən yaxşı klublarından biridir. Demək olar ki, iki eyni gücə malik heyəti var. Heyətə 25-30 futbolçu daxildir ki, hər biri istənilən vaxt meydana çıxmağa hazırdır. Çətin ki, onlarda əsas və ya ikinci heyət anlayışı var.
- Deməli, komandanıza çətin olacağını düşünürsünüz?
- Şübhəsiz. İlk iki tur da göstərdi ki, nəticə qazanmaq üçün daha çox çalışmağımız lazımdır. "Qəbələ" bizimlə matçın favoritidir. Onların öz meydanında oynaması da rəqibə üstünlük qazandırır.
- Sizi hansı nəticə qane edəcək?
- Harada oynamağımızdan asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. "Qəbələ"dən güclü olduğumuzu demək absurd olardı. Rəqibin uğur qazanmaq şansı daha çoxdur, nəinki bizim. Amma biz sonadək mübarizə aparacağıq.
- Komandanızın hazırlığından razısınız?
- Biz hələ başlanğıc mərhələsindəyik. Komandanın doqquz futbolçusu ötən mövsümü birinci divizionda keçirib. Futbolçularımızın arasında yalnız Tural Axundov Premyer Liqanın son mövsümündə daimi oyun təcrübəsinə malik olub. Yəni, bütövlükdə elita təcrübəmizin az olduğunu demək olar. Komandada daha çox 20-24 yaşlı futbolçular çıxış edir. Məni sevindirən əsas məqamlardan biri artıq onların ikisinin gənclərdən ibarət yığma komandamıza, Tərlan Quliyevin isə əsas millimizə dəvət alması oldu. Yığmaya futbolçu vermək bizim üçün böyük şərəfdir. Amma bu, bizdə hər şeyin yaxşı olduğu anlamına gəlməməlidir. Səhvlərimiz kifyət qədərdir. Ümumiyyətlə, mənə elə gəlir ki, baş məşqçi komandasından tam razı ola bilməz.
- Sizcə, "Kəpəz"də daha hansı futbolçular yığmada çıxış etməyə layiqdir?
- Mənim həm yığmada, həm də klubda iş təcrübəm var. Komandamızda kifayət qədər gənc və perspektivli futbolçu var. Onların arasında yığmaya dəvət alanlar ola bilər. Onların sayının artacağına inanıram. Amma bir məqam var ki, yığmaya dəvət almaq məndən yox, məhz bu futbolçuların özlərindən asılıdır. Kim üzərində daha çox çalışacaq, öz oyunu ilə milliyə layiq olduğunu isbatlayacaq, onlar da dəvət alacaqlar.
