Fariz Nəcəfov: Qəbələ qrup mərhələsinə adlasa, bir yox, iki transfer edəcəyik
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri ilk oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyundan razı qaldınız?
- Uşaqların hamısına minnətdaram. Onlar meydanda var güclərini qoydular. Mənə elə gəlir ki, bu gün qələbə də qazana bilərdik.
- Komanda yorğun görünürdü...
- Yorğunluq hər iki komandada var idi. Çünki matçın əvvəlindən sonunadək sürətli, açıq futbol izlədik. Razıyam ki, son 10-15 dəqiqədə yorğunluq özünü göstərirdi.
- Qolsuz heç-heçəni "Qəbələ" üçün müsbət nəticə saymaq olar?
- Əsas odur ki, qol buraxmadıq. Əlbəttə, qələbə daha yaxşı nəticə olardı. Artıq Afinadakı cavab oyununu düşünməliyik. "Panatinaikos" kimi bir rəqiblə bərabər səviyyəli oyun sərgiləmək yaxşı nəticə sayılmalıdır.
- "Qəbələ"nin cavab oyunundakı şanslarını necə qiymətləndirirsiniz?
- Səfərdə də belə oynasaq, şanslar bərabər olacaq. Xarakter nümayiş etdirə bilərik.
- Aleksey Antonovun "Panatinaikos"a qarşı zəif çıxışından sonra hələ də komandaya yeni hücumçu lazım olduğunu düşünmürsünüz?
- Biz yenə də inanırıq ki, Antonov öz oyununu tapacaq. Onun əvvəlki oyunlarına baxmışıq. Əla oynayıb. Hücumçularda belə hallar olur. Sadəcə, uyğunlaşmaq üçün zaman lazımdır. Lakin hücum xəttində problemlərimizin olduğuna dair fikirlərlə razıyam.
- Əvvəlki mərhələlərlə müqayisədə, bu dəfəki ev oyununda ajiotaj da az idi...
- Kipr "Apollon"u ilə oyunumuzla müqayisədə, bu dəfə təhlükəsizlik daha yüksək səviyyədə təşkil olunmuşdu. Meydana heç bir kənar əşya, su qabları atılmadı.
- Komandanız istəksiz görünürdü. Bu, kapitanın yoxluğu ilə bağlı idi?
- Xeyr, sizin bu fikrinizlə razı deyiləm. Düzdür, son 15 dəqiqədə yorğunluq özünü göstərdi. Çünki biz hələ 3-4 gündən bir oynamağa alışmamışıq. Bu cür tempə alışmağımız lazımdır.
- "Qəbələ"nin daha bir transfer edəcəyi gözlənilirdi. Artıq bu transferi komanda qrup mərhələsinə vəsiqə qazanacağı halda rəsmiləşdirəcəksiniz?
- Mümkündür ki, komandamız qrup mərhələsinə vəsiqə qazansa, bir yox, iki yeni futbolçu alaq. Əsas pley-off mərhələsini uğurla keçməkdir. Ondan sonra transferlər də olacaq. Çünki bizim hazırda meydanda olan futbolçuları layiqincə əvəzləyə biləcək futbolçularımız yoxdur.
