Ürfan Abbasov: Yunanıstan klubu keçilməz rəqib deyil
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:
"Panatinaikos"un necə güclü komanda olduğunu hamımız gördük. Lakin yunanların keçilməz rəqib olmadığının da şahidi olduq. Qələbə qazanmaq üçün yaxşı şansımız var idi. Təəssüf ki, qol imkanlarından yararlana bilmədik. Allah eləsin ki, Afinadan yaxşı nəticə ilə qayıda bilək".
Abbasov ilk dəfə Azərbaycan yığmasına dəvət almasından da danışıb: "Məni ilk dəfə milli komandaya dəvət edirlər. Məsuliyyət hissi yüksəkdir. Hər bir futbolçu kimi, mən də yığmaya dəvət almağı çox istəyirdim. Çox şadam. Layiqli çıxış etməyə çalışacağam. Bizi həm Xorvatiya, həm də Malta ilə çətin oyun gözləyir. Meydana hansı futbolçuların çıxacağı önəmli deyil. Əsas odur ki, komandamız yaxşı nəticələr qazansın".
