Sektor 11 Qəbələni dünən niyə dəstəkləmədi?
Ötən gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Yunanıstanın "Panatinaikos" klubu arasındakı ilk oyun zamanı "Bakcell Arena" demək olar tam dolsa da, komandamız tribunalardan istənilən səviyyədə dəstək ala bilmədi. Azerisport.az xəbər verir ki, qarşılaşmanı izləməyə gələnlər daha çox matça sakitcə tamaşa etməyə üstünlük verdilər və fəallıq yox dərəcəsində idi.
Bu da səbəbsiz deyildi. Belə ki, son illərin əsas fan-qruplarından birinə çevrilən "Sector 11"-in üzvləri bu qarşılaşmanı izləyənlər arasında yox idi. Bunun səbəbini sözügedən fanat qrupunun rəhbəri Atanur Cəfərli saytımıza açıqlamasında belə izah edib:
"Yeganə və başlıca səbəb Avroliqanın üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Kipr "Apollon"u arasındakı cavab matçı zamanı polislərin bizə hücum etməsidir. Biz stadiona ona görə gəlirik ki, komandamıza dəstək olaq. Qarşılığında da polislərdən dubinka görürük. Mən bu addımı yalnız uşaqların sağlamlığını zərbə altında qoymamaq üçün atmışam".
