Rəşad Sadiqov: Əvvəlki oyunlarla müqayisədə qazon acınacaqlı vəziyyətdə idi
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubu ilə ilk oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qolsuz heç-heçə sizi nə dərəcədə qane etdi?
- Belə rəqiblə baş-başa mübarizə aparmaq çox çətindir. Amma bu, bizdə alındı. Bizim qol vurmaq və qələbə üçün şansımız oldu. Lakin qolsuz heç-heçə də pis nəticə deyil. Öz meydanımızda qol buraxmadıq. Artıq səfərdə qol vurmaq haqda düşünməliyik.
- Oyundan öncə qrup mərhələsinə vəsiqə qazanacağınız halda komanda üzvlərinə yaxşı mükafat veriləcəyinə dair xəbərlər yayıldı...
- Bu, aşkar yalandır. Oyundan öncə bizə bu barədə heç nə demirlər. Belə şeylər adətən uğur qazandığımız oyunlardan sonra açıqlanır. Bu haqda bizim heç bir xəbərimiz yoxdursa, mətbuat bunu necə yaza bilər?
- Həftəsonu sizi "Kəpəz"lə çempionat oyunu gözləyir. Belə gərgin qrafiklə oynamaq problem yaratmayacaq?
- Alışmaq lazımdır. Bütün Avropa belə gərgin qrafiklə oynayır. Biz də inkişaf etməliyik, bu tempə uyğunlaşmalıyıq. Çünki həm Avropa Liqasında, həm də Topaz Premyer Liqasında yüksək hədəflərimiz var.
- Bu rəqibi keçəcəyinizə inanırsınız?
- Bəli, inanırıq. Məgər sərgilədiyimiz oyuna görə bu inam hiss olunmurdu? Komandamızın hər bir üzvü müsbət nəticəyə, sonluğa köklənib. Sadəcə, bu gün qazonun vəziyyətinə görə istədiyimiz oyunu sərgiləyə bilmədik. Əvvəlki oyunlarla müqayisədə bu gün qazonun durumu çox acınacaqlı idi. Buna baxmayaraq, rəqibin adından çəkinməyərək sonadək öz oyunumuzu sərgiləməyə çalışdıq, qələbə qazanmaq üçün əlimizdən gələni etdik.
- Sizə elə gəlmədi ki, əvvəlki oyunlarla müqayisədə tribunaya toplaşmış azarkeşlərin dəstəyi zəif alındı?
- Stadion dolu idi. Amma ola bilər ki, əvvəlki matçlardakı kimi çılğın deyildilər. Biz meydanda olduğumuza görə buna xüsusi diqqət ayırmırdıq. Lakin istənilən halda azarkeşlərimizin dəstəyini hiss edirdik. Bunu siz jurnalistlər yaxşı bilərsiniz.
- Epizodların birində Arif Daşdəmirova əsəbləşdiniz. Orada nə baş vermişdi?
- Adi oyun epizodu idi. O, məndən ötürmə gözləyirdi, amma mən onu görməmişdim. Bir-birimizi başa düşmədik.
- Cavid Hüseynovun yoxluğu hiss olunurdu?
- Əlbəttə, hiss olunur. O, bizə hücumlar zamanı çox kömək edirdi.
- Afinada "Panatinaikos"un çılğın azarkeşləri qarşısında oynamağa hazırsınız?
- Əlbəttə, hazırıq. Kiprdə baş verənlərdən sonra hər şeyə hazırıq. Amma "Panatinaikos" elitar komandadır. Bu üzdən onların azarkeşlərindən də mədəniyyətsizlik gözləməyə dəyməz. Sakit oynaya biləcəyik.
