Sergey Zenyov: Afinada qol vura bilərik
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri ilk oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matç barədə nə deyə bilərsiniz?
- Fikrimcə, "Panatinaikos"a qarşı yaxşıoynadıq. Uğur qazanmaq üçün əlimizdən gələni etdik. Artıq qarşıdakı cavab görüşünü düşünməliyik.
- Çox yorğun görünürdünüz...
- Oyun çox çətin keçdiyinə görə yorğun idik. Yorğun olmasaydıq, deməli, yaxşı mübarizə aparmamış olardıq.
- Bu gün meydanda "Apollon", "Çukariçki", "Dinamo" səddini keçən "Qəbələ"ni görə bilmədik...
- Rəqib çox güclüdür və sıradan bir klub deyil. Həm də bütün oyunlarda eyni tempdə çıxış etmək mümkün deyil.
- Oyuna xeyli azarkeş gəlsə də, sizi qələbəyə elə də çox ruhlandırmadılar...
- Mən belə düşünmürəm. Stadion demək olar ki, dolu idi.
- Sizin qol vurmaq üçün bir şansınız olsa da, yararlana bilmədiniz. Rəqibin müdafiə xəttini yarmaq çətin idi?
- Əlbəttə, çətin idi. Düzdür, qol vurmaq şansım oldu, yararlanmağa çalışdım, amma alınmadı.
- Cavid Hüseynovsuz oynamaq çətin deyildi?
- İndi o, komandamızda deyil və buna görə bu barədə danışmağa da dəyməz.
- "Panatinaikos" səddini keçəcəyinizə elə də çox inanmadığınız hiss olunur...
- Xeyr, məndə buna inam var. Əks halda necə futbol oynamaq olar? Biz özümüzə inanırıq.
- Roman Qriqorçuk oyundan sonra sizə nə dedi?
- O, oyundan dərhal sonra heç nə demir. Oyunla bağlı sabah söhbət edəcəyik, analiz aparacağıq.
- "Qəbələ"nin qrup mərhələsinə vəsiqə qazanmaq şansını necə qiymətləndirirsiniz?
- Şans var. Bu gün heç-heçə etdik. Cavab matçında hər şeyə yenidən başlamalı olacağıq. Mübarizəmizi sonadək davam etdirəcəyik.
- 0:0 "Qəbələ" üçün uğurlu nəticə sayıla bilər?
- Mən "Qəbələ" üçün 3:0 hesablı qələbəni uğurlu nəticə hesab edərdim (gülür). Biz Afinada qələbə qazana bilərik. Niyə də yox? Bunu bacara bilərik.
