Dimitris Sialmas: Qəbələ Panatinaikos səddini keçə bilməyəcək
Bu gün Yunanıstanın "Panatinaikos" klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq. Yunanıstanın Azərbaycanda çıxış etmiş azsaylı futbolçularından biri - "Xəzər Lənkəran"ın sabiq forvardı Dimitris Sialmas azerisport.az saytına müsahibəsində bu görüşlə bağlı fikirlərini açıqlayıb:
"Azərbaycanda futbolun səviyyəsi yaxşıdır. Klublarınız inkişaf edir. Amma unutmayaq ki, "Panatinaikos"un Avropada çoxillik təcrübəsi var. Bu üzdən də Afina klubunun "Qəbələ"dən daha güclü olduğunu düşünürəm. Əlbəttə, futbolda hər şey olur. Proqnozlar çox vaxt özünü doğrultmur. Lakin istənilən halda "Panatinaikos" favorit sayılır. Mən Avroliqanın qrup mərhələsinə də məhz bu komandanın vəsiqə qazanacağını düşünürəm".
29 yaşlı forvard "Panatinaikos"un Bakıda da qələbə qazanacağını iddia edir: "Düzdür, "Qəbələ" pley-off mərhələsinə kimi irəliləməyi bacarıb. Deməli, güclü komandadır. Amma mənə elə gəlir ki, "Panatinaikos" elə Bakıdakı görüşdə də öz gücünü göstərməyə, qalib gəlməyə çalışacaq. Afinalıların Bakıda qələbə qazanacağı qənaətindəyəm".
Sialmas azarkeşlərin mümkün aqressivliyindən də danışıb: "Düzdür, "Panatinaikos"un fanatları çox aqressivdirlər. Onlar bütün oyun ərzində komandalarını çox çılğıncasına dəstəkləyirlər. Amma onların "Qəbələ" ilə oyunlarda o dərəcədə aqressiv olacaqlarını düşünmürəm".
