Fariz Nəcəfov: Qəbələ ilk növbədə qapısını toxunulmaz saxlamağı düşünməlidir
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əvvəlki üç mərhələdə komandamız hər dəfə ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirirdisə, bu dəfə mübarizəyə doğma meydanda start veririk. Bu da əlavə məsuliyyət deməkdir. İlk növbədə qapımızı toxunulmaz saxlamaq barədə düşünməliyik. Belə olan halda cavab görüşündə işimiz daha asan ola bilər. Heyətdə itkilər var, amma komanda bir oyunçudan asılı ola bilməz. Elə oynamaq lazımdır ki, itkiləri hiss etdirməyək. Dəqiq proqnoz verə bilmərəm. Bunu xoşlamıram. Amma oyuna maraq çox böyükdür. Üçüncü təsnifat mərhələsindəki ev oyunumuz zamanı biletlər qarşılaşmadan 3-4 saat öncə satılmışdı. Bu dəfə isə oyuna bir gün qalmış bütün biletlər satılıb".
