Ağasəlim Mircavadov: Yanq Boyz çox qol buraxsa da, Qarabağ da az qol vurur
AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində müvafiq olaraq İsveçrənin "Yanq Boyz" və Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq "Qarabağ"la "Qəbələ"nin şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin AZAL-la son oyununu izlədim. Komanda 2:0 hesabıyla qalib gəlsə də, oyunları xoşuma gəlmədi. "Qəbələ"də kifayt qədər təcrübəli oyunçular var. Onlar komandada birlik yaratmalıdırlar. "Panatinaikos" çox güclü rəqibdir. Bu klubların duelində komanda oyunu vacib önəm daşıyacaq. Qol vurmaq və buraxmamaq lazımdır.
"Qarabağ"a gəlincə, Maksim Medvedevin yoxluğu komanda üçün ciddi itkidir. "Yanq Boyz"u elə də yaxşı tanımıram. Amma statistik göstəricilərə baxanda çoxlu qol buraxdığının, eyni zamanda da vurduğunun şahidi oldum. Digər tərəfdən də "Qarabağ" çox az qol vurmağa başlayıb. Hər şeyə rəğmən, ağdamlılardan uğurlu oyun və yaxşı nəticə gözləyirəm".
