Vaqif Sadıqov: Qarabağla Qəbələ ilk oyunda üstünlük əldə etməlidir
AFFA-nın Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində müvafiq olaraq İsveçrənin "Yanq Boyz" və Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq "Qarabağ"la "Qəbələ"nin şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Müsbət nəticə gözləyirəm. "Qarabağ"la "Qəbələ" elə ilk oyundaca üstünlük qazanmalıdır. Ağdamlılar İsveçrədə "Yanq Boyz"la ən azı heç-heçə etməlidirlər. Qol vurmaqları da arzuolunandır. "Qəbələ" isə "Panatinaikos" üzərində inamlı qələbə qazanmalıdır ki, səfərdə keçiriləcək cavab matçına rahat yollana bilsin. Klublarımızın potensialı kifayət qədər yüksəkdir. Bunu avrokubokların cari mövsümündə keçirdikləri oyunlarda da sübut ediblər. Bu gün Azərbaycanın da qarşısına yüksək hədəflər qoyan təmsilçiləri var. Avropa klublarının Azərbaycan komandaları ilə hesablaşmasının vaxtıdır. Buna ötən mövsüm nail olmuşuq, bu mövsüm də davamını gətirməliyik".
