Daniyel Pranyiç: Qəbələ ilə səfər matçında risk etməməliyik
Yunanıstanın "Panatinaikos" klubunun yarımmüdafiəçisi Daniyel Pranyiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qəbələ" haqda çox az adam nəsə bilir. Xüsusilə də Yunanıstanda. Amma mən onların son oyunlarının bir neçəsinə baxmışam. Bilirəm ki, pis komanda deyil. Bizə onlara qarşı oynamaq asan olmayacaq. Aydın məsələdir ki, qrup mərhələsinə vəsiqə qazanmağa favorit bizik".
Xorvatiyalı futbolçunun sözlərinə görə, ilk oyunda onlar üçün vacib olan uduzmamaqdır: "Bakıdakı oyunda qol buraxmamaq, itki ilə üzləşməmək mənim üçün daha vacibdir. Belə olan halda cavab oyununda uğur qazanmaq şansımız daha çox olacaq. Əlbəttə, şans olacağı halda Bakıda da qol vurmaq istəyərdim. Buna nail olsaq, doğma meydanda işimiz daha asan olacaq. Lakin istənilən halda səfər matçında risk etməməliyik".
Pranyiç "Qəbələ"ni tərifləməyi də unutmayıb: "Oyuna çox yaxşı köklənməliyik. Əks halda rəqib bizə ciddi problem yarada bilər. Onların Kipr "Apollon"una qarşı necə mübarizə apardıqlarını görmüşəm. Deyərdim ki, "Qəbələ" çox yaxşı komandadır. İstənilən halda hər şeyi oyun göstərəcək".
"Qəbələ" aqressiv futbol oynayır və hərdən ağlasığmaz hərəkətlər edir ki, onlardan nə gözləmək lazım olduğunu bilmirsən. Bu, çox təhlükəlidir. Bizə çətin olacaq. Təbii ki, yaxşı oynasaq, problemimiz olmaz. Amma asan olacağını düşünsək, problemimiz yarana bilər".
