Milan Vilotiç: Azərbaycan klubu ilə düşmüşük deyə sevinmirik
İsveçrənin "Yanq Boyz" klubunun müdafiəçisi Milan Vilotiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ" barədə məlumat toplamısınız?
- Bəli. Bilirəm ki, bu komanda ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıb. Fikrimcə, son illərdə Azərbaycan futbolu yüksəlişdədir. Klublarınızın avrokuboklarda qazandığı nəticələr də bunun göstəricisidir.
- Proqnoz verə bilərsiniz?
- Çətindir. Dəqiq bircə şeyi deyə bilərəm ki, mən proqnoz verməyi bacarmıram (gülür). Çünki "Qarabağ" güclü rəqibdir. Bu komanda özünə hörmət tələb edir. Bizə Azərbaycan klubu düşüb deyə sevinmirik.
- Doğma meydanda keçirəcəyiniz ilk oyunda uğura ümid etmirsiniz?
- Çətin olacaq. Amma biz oyuna yaxşı hazırlaşmışıq. Qələbə qazanmağımız lazımdır. Lakin nəyin necə alınacağını 90 dəqiqə göstərəcək. Ola bilər ki, ilk oyunda yaxşı çıxış edə bilməyək və "Qarabağ"a uduzaq. Çünki bu, futboldur, hər şey ola bilər. Sadəcə, azarkeşlərimizin gözü qarşısında maksimum diqqətli oynamağa və qələbə qazanmağa çalışacağıq.
- "Qarabağ"ın heyətində tanıdığınız futbolçular var?
- Reynaldo, Riçard Almeyda, Dani Kintana. Bizdə bu oyunçularla bağlı məlumatlar var. Yüksək səviyyəli futbolçulardılar. Bizi doğrudan da çətin oyunlar gözləyir.
- "Qarabağ"ın oyunlarını görmüsünüz?
- Komanda şəklində onların oyunlarının videoyazılarına baxmışıq. Çox sürətli futbol sərgiləyirlər, əla əks-hücumlar qururlar, ötürmələrdən daha çox istifadə edirlər.
- Öz meydanınızda uğur qazana bilməyəcəyiniz halda qrup mərhələsinə vəsiqə qazanmaq şansınızı itirməyəcəksiniz?
- Futbolda psixoloji hazırlıq böyük önəm daşıyır. Hər şey ola bilər. Amma biz qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, yaxşı nəticə barədə düşünməliyik.
- İstəyərdiniz ki, ilk oyun Bakıda keçirilsin?
- Bu barədə dəqiq nəsə demək olmur. Sadəcə, onu deyə bilərəm ki, öz azakeşləri, futbol ictimaiyyəti qarşısında oynamaq hər bir komanda üçün böyük məsuliyyətdir. Ona görə də əksər komandalar səfərdə daha yaxşı nəticələr qazanırlar, nəinki evdə.
