Qarabağla Qəbələnin qitə macərası davam edir
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin bu mərhələsində təmsil edən komandalar - "Qarabağ"la "Qəbələ" də beynəlxalq arenada növbəti sınaqlarına çıxacaqlar.
Xatırladaq ki, son Azərbaycan çempionu "Qarabağ" bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın "Rudar" klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın "Seltik" klubuna uduzdu (səfərdə 0:1, evdə 0:0) və hazırda Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qaldı.
Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan "Qəbələ" isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis "Dinamo"sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın "Çukariçki" (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız son olaraq Kipr "Apollon"una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0).
Klublarımızın pley-off mərhələsindəki rəqibləri daha ciddi komandalardır. "Qarabağ" bu mərhələdə İsveçrə "Yanq Boyz"unu mübarizədən kənarlaşdırmalıdır. "Qəbələ"ni isə Yunanıstan nəhəngi "Panatinaikos"la çətin duellər gözləyir.
1898-ci ildə yaranmış "Yanq Boyz"un 117 yaşı var. Bu komanda İsveçrənin paytaxtı və dördüncü böyük şəhəri olan Berni təmsil edir. "Yanq Boyz" ev oyunlarını 32 min azarkeş tutumu olan "Stad de Suiss"də keçirir. Klubun prezidenti Verner Müllerdir. Komandanın baş məşqçisi isə bir müddət öncəyə kimi Ulrix Forte idi. Amma o, komandanın çempionata uğursuz startı, eləcə də avrokuboklarda pis çıxış etməsi səbəbindən istefaya göndərilib. Bu üzdən də hazırda "Yanq Boyz"u müvəqqəti olaraq köməkçi məşqçi Harald Qamperle çalışdırır.
"Yanq Boyz" İsveçrənin ən titullu klublarından biri hesab olunur. Belə ki, bu klub indiyə qədər 11 dəfə ölkə çempionu olub. 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırmış komanda, 1 dəfə də Liqa Kubokuna sahib çıxıb. Amma "Qarabağ"ın rəqibi artıq uzun illərdir ki, əvvəlki əzəmətindən uzaqdır. Belə ki, sonuncu dəfə 1985/86 mövsümündə çempion olmuş bu komanda növbəti mövsümdə də ölkə kubokunu qazanıb və ondan sonra belə uğurlara həsrətdir.
Buna baxmayaraq, "Yanq Boyz" mütəmadi olaraq, avrokuboklara vəsiqə qazanır və qitə arenasında böyük təcrübəyə malikdir. Bu komanda həm 80-ci illərə qədərki əzəmətli vaxtlarında, həm də ondan sonrakı dövrdə avrokuboklara vəsiqə qazanmağı bacarıb. Vaxtilə ən çox mübarizə apardığı İntertoto Kubokunda hər il qrup mərhələsində çıxış edən "Yanq Boyz" son 10 ildə də Avropa Liqasında oxşar uğurlara imza atmaqdadır.
Bu mövsüm isə "Qarabağ"ın rəqibi mübarizəyə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən başlayıb. İsveçrə klubu Fransanın "Monako" komandasına evdə 1:3, səfərdə 0:4 hesabıyla uduzaraq, Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalıb. Bir sözlə, "Qarabağ" kimi, rəqibi də Avroliqaya ÇL-dən gəlib. Sadəcə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışdı.
"Yanq Boyz" İsveçrə çempionatının son mövsümündə ikinci yeri tutmaqla ÇL-in üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Keçirdiyi 36 oyunda 66 xal toplayan komanda çempion "Bazel"dən 12 xal geri qalıb. 19 qələbə qazanıb, 9 heç-heçə edən Bern klubu 8 dəfə də məğlubiyyətlə üzləşib. Rəqib qapılarından 64 top keçirən "Yanq Boyz" özü 45 dəfə məyus olub.
Hazırda İsveçrə çempionatında yeni mövsüm gedir. Geridə qalan 5 turda cəmi bir qələbə qazanan komanda, üç oyunda heç-heçə edib və bir dəfə də məğlubiyyətlə üzləşib. "Yanq Boyz" hazırda 6 xalla 10 klub arasında 5-ci pillədə qərarlaşıb.
"Qarabağ"ın rəqibi ilə müqayisədə, "Qəbələ"nin mübarizə aparacağı "Panatinaikos" daha nəhəng rəqib təsir bağışlayır. Yunanıstanın ən böyük klublarından olan "Panatinaikos" 1908-ci ildə yaradılıb. 107 yaşı olan komanda paytaxt Afinanı təmsil edir. Komanda ev oyunlarını 16 000 azarkeş tutumuna malik Apostolos Nikolaidis adına stadionda keçirir. Klubun prezidenti Yannis Alafuzos, baş məşqçisi Yannis Anastasiudur.
"Panatinaikos" Yunanıstanın ən titullu klublarından sayılır. Bu komanda 20 dəfə ölkə çempionu olub. 18 dəfə Yunanıstan kubokunu başı üzərinə qaldırmış afinalılar 5 dəfə də superkuboka sahib çıxıblar ki, sonuncu göstəricisinə görə ölkənin rekordçusu hesab olunurlar. Paytaxt təmsilçisi 8 dəfə daxili turnirlərin hər ikisində qalib gəlməklə qızıl dubla imza atıb.
Yunanıstan nəhəngi təkcə daxili yox, həm də xarici arenadakı uğurları ilə öyünə bilər. Bu komanda 1971-ci ildə Çempionlar Liqasının finalında uduzaraq, qızıl medalları əldən verib. İki dəfə (1985 və 1996-cı illərdə) bu turnirin yarımfinalçısı olub. 1992 və 2002-ci illərdə isə mübarizəni 1/4 finalda dayandırmalı olub. "Panatinaikos" indi Avroliqa adlanan UEFA Kubokunda da 1988 və 2003-cü illərdə 1/4 finala çıxmasına rəğmən, mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qəbələ"nin rəqibi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən başlayıb. "Panatinaikos" buna Yunanıstan çempionatının son mövsümündə ikinci yeri tutmaqla nail olub. "Qarabağ" və onun rəqibi "Yanq Boyz" kimi, Yunanıstan nəhəngi də ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olaraq, Avroliqada mübarizə aparmaq məcburiyyətində qalıb. Bu komanda doğma meydanda Belçikanın "Brügge" klubuna 2:1 hesabıyla qalib gəlsə də, səfərdə 0:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni dayandırıb.
Göründüyü kimi, təmsilçilərimizin budəfəki rəqibləri sıradan komandalar deyil. Amma işə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə hər iki rəqibi mübarizədən kənarlaşdırmaq olar. İlk matçını səfərdə keçirəcək "Qarabağ"ın mərhələ adlamaq şansları daha yüksək qiymətləndirilir. Səfərdə sərfəli nəticə qazana biləcəyi halda, təmsilçimiz cütün taleyini Bakıda keçiriləcək cavab görüşündə azarkeşlərini də dəstəyi sayəsində lehinə həll edə bilər. "Qəbələ" isə cavab qarşılaşmasını səfərdə keçirəcək. Bu üzdən də Roman Qriqorçukun komandası doğma meydanda baş tutacaq ilk oyunda mütləq inamlı qələbə qazanmalıdır ki, "Panatinaikos" Afinadakı qarşılaşmada dönüş yaratmaqda çətinlik çəksin.
Qeyd edək ki, "Qarabağ" mərhələ adlaya bilsə, tarixində ikinci dəfə Avroliqanın qrupunda mübarizə aparmaq şansı qazanacaq. Azərbaycan futbolu tarixində isə bu, üçüncü belə uğur olacaq. Çünki ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan komandamız "Neftçi" olub. "Qəbələ" isə belə uğura imza atana üçüncü Azərbaycan klubu ola bilər. Onsuz da tarixində ilk dəfə üç ardıcıl mərhələ adlamaqla tarix yazan bölgə klubu daha bir nailiyyət əldə etməklə hər kəsi təəccübləndirə bilər.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 29-cu pillədədir və hesabında 12.875 reytinq xalı var. Onun 2.375 xalı cari mövsümdə qazanılıb. Bu mövsüm ölkəmizə 0.875 xalı "Qəbələ", 0.750 xalı "İnter", 0.500 xalı "Qarabağ", 0.250 xalı "Neftçi" qazandırıb. Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.
Klublarımıza gəlincə, "Qarabağ" 11.575 xalla klub sıralamasında Avropanın 133-cü, "Qəbələ" isə 4.325 reytinq xalı ilə 283-cüdür. Rəqiblərə gəlincə, "Yanq Boyz" 23.895 xalla 79-cu, "Panatinaikos" da 14.240 xalla 114-cüdür.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
20 avqust
21:00. “Qəbələ” - “Panatinaikos”
Hakimlər: Andre Marriner, Simon Bennett, Li Betts, Robert Medli (İngiltərə).
Bakı. "Bakcell Arena".
23:00. "Yanq Boyz" - "Qarabağ”
Hakimlər: Vladislav Bezborodov, Nikolay Qolubev, Maksim Qavrilin, Aleksey Eskov (Rusiya).
Bern. "Stad de Suisse".
