Rauf Əliyev: İnter bu il də yüksək yerlərə iddialıdır
"İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçın belə ağır keçəcəyini gözləyirdiniz?
- Maraqlı oyun olacağını gözləyirdim. Çünki ilk turda hər iki komanda xal itirmişdi. Bu üzdən də qələbə qazanmaq hər iki tərəf üçün vacib idi. İlk dəqiqələrdən oyuna nəzarəti ələ keçirə bildik. Baxmayaraq ki, son dəqiqələr bizim üçün çox çətin keçdi. Lakin 3 xal qazanmağı bacardıq.
- Qələbədə pay sahibi olanlardan biri də siz idiniz. Çünki rəqib komandanın üzvü Xuan Alberto məhz sizə qarşı qayda pozuntusundan sonra meydandan qovuldu...
- Düzünü deyim ki, mən həmin epizodda ancaq rəqib futbolçunu qabaqlamaq barədə düşünürdüm. Xuanın mənə qarşı qaydanı pozacağını gözləmirdim.
- "Neftçi"nin qapısına vurulan qolun müəllifi də rəqib komandanın sabiq üzvü Denis Silva oldu. Demək olar ki, "Neftçi"ni sizi heyətində saxlamamasına görə peşman etməyə məcbur etdiniz?
- Xeyr, mən heç bir halda belə bir şey düşünmürəm. Çünki oyundan öncə də demişdim ki, heç kimə nəyisə sübut etmək fikrim yoxdur. Mən sadəcə, meydana çıxıb, "İnter"in uğur qazanmasına kömək etdim.
- Denis vurulan qoldan sonra sevinmədi. Siz bunu necə qəbul etdiniz?
- Denis məndən fərqli "Neftçi"də uzun illər çıxış edib. Onun qoldan sonra sevinməməsi də normal hal idi.
- Rəqib azlıqda qalsa da, "İnter" qol vurmaqda elə də istəkli görünmürdü. Niyə daha fəal hücumlar təşkil etmək istəmirdiniz?
- Hücumlarımız olurdu. Mənim özümün bir neçə dəfə qol vurmaq şansımoldu. Təəssüf ki, onlardan yararlana bilmədim.
- İki turdan sonra 3 xalınız var. Bu, sizi qane edir?
- "İnter" əvvəlki mövsümlərdə olduğu kimi, yüksək yerlərə iddialıdır. İlk turda da xal itirmək istəmirdik. Amma belə alındı. İndi qarşıdakı oyunlara baxmalıyıq.
