Vüqar Əsgərov: Milliyə də qayıda bilərəm, Azərbaycan klublarından birinə də
Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov bir müddət öncə karyerasını başa vurmaq fikrinə düşməsindən, eləcə də hazırda formasını geyindiyi Latviyanın "1625 Liepaya" klubunda qısa müddət ərzində 6 qola imza atmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbola qayıtdığıma görə çox sevinirəm. Etiraf edimki, karyeramı erkən başa vurmaq istəyirdim. Amma "1625 Liepaya"nın baş məşqçisi komandaya kömək etməyi xahiş etdi. Qərara gəldim ki, hələ oynaya bilərəm. Komandamız yüksək liqaya qayıtmaq istəyir. Baş məşqçi mənə formamı bərpa etmək üçün iki həftə vaxt vermişdi. Sağ olsun ki, mənə güvənir. Hər oyunda meydana çıxıram, qol vururam. Ümid edirəm ki, bu tempdə də davam edəcəyəm. Etiraf edim ki, 30 yaşımda 25 yaşımdakından daha yaxşı oynayıram. Niyə belə alındığını deyə bilmərəm. Bundan sonra necə olacaq, onu da bilmirəm. Allah eləsin ki, hər şey yaxşı olsun".
Əsgərov milli komandamıza mümkün dönüşünə də toxunub: "Yığmaya qayıtmaq şansı həmişə var. Hər şeyə baş məşqçi qərar verir. O, istəsə, Latviyada mənim kimi bir futbolçunun olduğunu görə bilər. İnanıram ki, bu, baş verə bilər. Azərbaycan millisinə də qayıda bilərəm, hansısa Premyer Liqa klubuna da".
