Aylton: Neftçi qol vurmağa başlamalıdır
"Neftçi"nin müdafiəçisi Aylton Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə qarşı oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Təəssüf ki, görüşün əvvəlində oyunçumuz meydandan qovuldu. Bu, bizim sonrakı dəqiqələrdəki oyunumuza çox təsir etdi. Bunu siz də gördünüz. Rəqib də məhz bundan yararlanıb, qol vurdu.
- Bəs "Neftçi"nin ardıcıl iki oyundur qol vurmasına nə mane olur?
- Qırmızı vərəqə aldıqdan sonra müdafiədə boşluqlar buraxmamağa çalışırdıq. Məhz qapımızı toxunulmaz saxlamaq şərtilə qol vurmaq istəyirdik. Amma alınmadı.
- Komandanızın işləri heç də qaydasında görünmür...
- Sizinlə razı deyiləm, "Neftçi"nin işləri qaydasındadır. Sadəcə, biz bu dəfə ilk dəqiqələrdən azlıqda qaldıq. Bu da bizə öz oyunumuzu göstərməyə imkan vermədi.
- Amma bundan əvvəlki "Kəpəz"l oyunda da parlaq oyun sərgiləyə, qol vura bilməmişdiniz...
- Matçlar bir-birinə oxşamır. Həmin oyun tamamilə fərqli tarixçədir. İndi biz "İnter"lə oyun haqda düşünürük.
- Bəs bundan sonra necə olacaq?
- Qol vurmağa başlamaq lazımdır. Biz həm buna, həm də qələbə qazanmağa çalışacağıq.
- Oyundan sonra "Neftçi" azarkeşləri rəhbərliyi istefaya səslədilər, komandadan narazılıqlarını bildirdilər. Bu barədə nə deyə bilərsiniz?
- Mən onların nə danışdığını başa düşmürdüm.
