Aleksey Antonov: Yunanlar ilə oyuna çox ciddi yanaşmalıyıq
"Qəbələ"nin hücumçusu Aleksey Antonov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Ağır oyun oldu. Yaxşı ki, qalib gəldik. Klubumuza azarkeşlik edən hər kəsi bu münasibətlə təbrik edirəm.
- Rəqib çempionatın potensial autsayderi olsa da, "Qəbələ" çox parlaq oyun sərgiləmədi...
- Bu, mənlik deyil. Mən komandamızın çıxışına qiymət verə bilmərəm və istəmirəm də. Klubda buna cavab verə bilən insanlar var. Əsas odur ki, qalib gəldik.
- Qarşıda Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə ilk oyun var. Bakıdakı görüş üçün proqnozunuz?
- Proqnoz verməyi sevmirəm. Oyun çox ağır keçəcək. Ona görə də nəticə barədə nəsə demək çətindir. Oyuna çox ciddi yanaşmalıyıq. Bizim üçün vacib görüşdür.
- Yunanları keçmək üçün Kipr "Apollon"una qarşı sərgilədiyiniz oyunlar yetərli ola bilər?
- Bilmirəm. Bunu demək çətindir. Çünki biz hələ rəqibi tam analiz etməmişik. Bu iki komanda arasında paralellər aparmaqda da çətinlik çəkirəm.
- AZAL-la oyunun yalnız ikinci hissəsində meydana çıxmağınız nə ilə bağlı idi?
- Mənim işim meydana çıxıb, oyun sərgiləməkdir. AZAL-la da oyunda meydana çıxdım, komandamın qalib gəlməsinə kömək etdim. Əsas budur. Meydanda nə qədər olmağım isə baş məşqçinin qərarıdır.
- Hər halda sizin də buna hansısa izahınız ola bilər...
- Heç kimə sirr deyil ki, legionerlərə limit tətbiq olunur. Belə olan halda məşqçilər korpusu meydana kimi buraxmaqla bağlı seçim aparmalı olurlar. "Qəbələ"də də legionerlər çoxdur. Mən bununla izah edərdim.
