Mirhüseyn Seyidov: Neftçi ilə oyunda ilk qələbəmizi qazanmağa çalışacağıq
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində keçmiş komandası "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avropa Liqasındakı çıxışımızı başa vurandan sonra bir qədər yorğunluq var idi. Bu, "Xəzər Lənkəran"la oyunumuzda özünü göstərdi. Biz həmin qarşılaşmann ən azı bir günlük ertələnməsini istəsək də, alınmadı. Səhvlər buraxdıq və məğlub olduq. Lakin səhvlərə rəğmən, ilk matçımızda pis oynadığımızı düşünmürəm. Sabah isə bizi "Neftçi" ilə oyun gözləyir. Bu oyuna çox ciddi hazırlaşmışıq. Qələbə qazanmaq üçün sonadək mübarizə aparacağıq. "Neftçi" ilə görüş adi çempionat oyunudur. Hər iki tərəf qələbə qazanmağa çalışacaq. Hamı bilir ki, bu iki klubun qarşılaşmaları gərgin mübarizə şəraitində keçir. Amma biz evdə oynayacağıq və bu üzdən cari mövsümdə ilk qələbəmizi qazanmağa çalışacağıq".
