Qara Qarayev: İsveçrədən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ"dakı karyeranız ərzində ikinci qolunuzu vurdunuz...
- Bəli, elədir.
- İlk qolunuzu xatırlayırsınız?
- Əlbətə. Həmin qolu "Neftçi"nin qapısına vurmuşdum.
- Həmin vaxtdan çox keçib...
- İki ilə yaxındır.
- Növbəti qol üçün çox darıxmışdınız?
- Şübhəsiz. Çox gözəl hissdir. Allaha şükürlər olsun ki, yenidən fərqlənə bildim. Amma bu, yanıltmamalıdır. Öz üzərimdə daha çox çalışmalı və növbəti oyunlara hazırlaşmalıyam.
- Dani Kintana nə əcəb cərimə zərbəsini sizin vurmağınızarazı oldu?
- Elə mən də indicə ona buna görə təşəkkürümü bildirdim. Əksər cərimə zərbələrini Dani vurur. Amma bu dəfə ona dedim ki, zərbəni mən vurmaq istəyirəm. O da problem olmadığını bildirdi. Yaxşı qol vurdum. Yenə də qollar vurmağa çalışacağam.
- Amma siz elə mövqedə oynayırsınız ki, çox qol vurmağınız imkansızdır?
- Belə imkan düşdükcə, qol vurmaq, yararlanmaq lazımdır. Fikrimcə, cərimə zərbəsindən də olmasa, oyun epizodları zamanı fərqlənə bilərəm.
- "Rəvan"ı çətinliklə məğlub etdiniz. Oyunun belə çətin keçəcəyini gözləyirdiniz?
- Əsas heyətin əksər üzvləri oynamırdı. 8-9 oyunçumuz yox idi. Yenilər isə ilk dəfə çempionatda bir yerdə oynayırdı. Hər şeyə rəğmən, qələbə qazanacağımıza inanırdıq.
- "Qarabağ" Avropa Liqasında qarşılaşacağı İsveçrə "Yanq Boyz"u ilə oyunlarda nəyə ümid edir?
- Biz yaxşı komandaya qarşı oynayacağıq. Hücumçuları çox sürətlidir. Amma baş məşqçimiz hələ bu rəqiblə bağlı bizə ətraflı məlumat verməyib. Həm də "Rəvan"la oyuna hazırlaşırdıq. Artıq bundan sonra "Yanq Boyz"la görüşləri düşünəcəyik. İsveçrədən yaxşı nəticə ilə qayıtmağa çalışacağıq. Xalqımızın da "Qarabağ"la "Qəbələ"ni dəstəkləməsi lazımdır. İki Azərbaycan komandasının Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması çox yaxşı olardı.
