Rauf Əliyev: Əminəm ki, Cavid Hüseynov günahkar deyil
"İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində keçmiş komandası "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk turda "Xəzər Lənkəran"a uduzduğumuzdan, "Neftçi"yə qarşı ikiqat səylə hazırlaşırıq. Öz meydanımızda oynayacağıq. Ona görə də bütün diqqətimizi ancaq qələbə qazanmağa yönəltmişik. Allah eləsin ki, 3 xalı qazanan tərəf biz olaq. İlk qələbəmizi qazanmağa köklənmişik".
Ötən mövsümün sonunda ondan imtina edən "Neftçi"yə qarşı oynayacaq hücumçu bu kluba qarşı hansısa xüsusi emosiya bəsləmədiyini bildirib: "Bu komanda ilə oyun öncəsi xüsusi köklənmə olduğunu deməzdim. "Neftçi"yə də digər rəqiblərimiz kimi baxıram. Çünki əvvəllər nə olmuşdusa, hamısı geridə qalıb".
Milli komandamızın da şərəfini qoruyan hücumçu "Xəzər Lənkəran"a məğlubiyyəti xatırlayıb: "Atletik"ə qarşı keçirdiyimiz Avropa Liqasının cavab matçındakı yorğunluq Lənkərandan öz sözünü dedi. Lənkərana uzun yolçuluq da bizi az yormadı. Bütün bunlar bizə çox çətinlik yaratdı. Halbuki, oradan yaxşı nəticə ilə qayıda bilərdik. Erkən qol planlarımızı korladı. Biz cavab qolunu vurmağa çalışarkən meydan sahibləri daha bir dəfə fərqlənincə, oyunda dönüş yaratmaq bizim üçün çətinləşdi".
Lakin startdakı məğlubiyyətə baxmayaraq, Əliyev komandasının durumundan razıdır: "İnter"də məni hər şey qane edir. Bundan sonra necə olacağını görəcəyik. Mən özüm də bilmirəm".
Rauf millidəki komanda yoldaşı Cavid Hüseynovla bağlı məlum hadisələrə də münasibət bildirib: "İlk növbədə Rasim Əliyevin ölümünə görə onun yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Cavidə gəlincə, onu yaxşı tanıyıram. Onunla həm "Bakı"da, həm də yığmada birgə oynamışam. Cavidi tanıyan biri kimi deyə bilərəm ki, onun bu məsələdə günahı yoxdur. Əminəm ki, o, günahkar deyil".
