Tərlan Əhmədov: Ayda 200-300 manat alan futbolçularla oynamaq mənə də çətindir
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə qarşıdakı oyundan nə gözləyirsiniz?
- Ölkənin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Bu komanda artıq Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyib. Etiraf edim ki, regionu təmsil edən komandamızın bu uğurları məni çox sevindirir. Belə bir komanda ilə qarşılaşmaq futbolçularımız üçün stimul olacaq. Komandamızın heyəti əvəzedici heyətin üzvlərindən, birinci divizionda çıxış edən oyunçulardan təşkil olunub. Ötən mövsümkü heyətimizdən yalnız dörd oyunçumuz qalıb.
- Niyə belə vəziyyətlə üzləşdiniz?
- Büdcənin konkret nəyə görə azaldılıdığı barədə mənə heç nə deyilməyib.
- Büdcə nə qədər azaldılıb ki?
- Təxminən 10 dəfə azaldılıb. Ötən mövsüm üçün transfer büdcəmiz bir milyon manat təşkil edirdisə, bu il cəmi 100 000 manat idi. Bu, ciddi fərqdir. Çox çətindir. Mənim özümə də çətindir ki, komandada oynayan futbolçular 200-300 manat pul alırlar. Belə futbolçular üçün ilinə 200-300 min manat qazanan oyunçulara qarşı mübarizə aparmaq psixoloji cəhətdən də çətin olur.
- Amma hər halda bu, "Simurq"un başına gələn aqibətlə müqayisədə daha yaxşıdır...
- Bu, bizim qismətimizdir. Vaxtilə belə çətinlikləri yaşamışıq. Futbolçu olduğumuz dövrdə bundan da çətin günlərimiz olub. O vaxt da yüksək maaş almırdıq. Amma futbol yaşayırdı. Ona görə də buna alışmışam. Bizim rəhbərlik klubdan imtina etmədi. Bizim öz şəraitimiz, stadionumuz, bazamız var. Yaxın günlərdə ötən mövsümdən qalan borcların da ödənilməsinə söz verilib. Yaxın gələcəkdə yenə hər şeyin əvvəlki kimi yaxşı olması da istisna deyil.
- Elə isə "Qəbələ" ilə oyunda nəyə ümid edirsiniz?
- Futbolda istək çox vacibdir. Qələbəni hansı komanda daha çox arzulasa, ona da qismət olacaq.
