Konstantin Maxnovski: Qarabağın oyununu görmüşəm, qorxmağa dəyməz
"Rəvan"ın qapıçısı Konstantin Maxnovski Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunla bağlı azerisport.az saytının suallarını cavablandırıb:
- Azərbaycan çempionatında ilk oyununuzu keçirdiniz. Təəssüratlarınız necədir?
- Azərbaycan çempionatı və burada çıxış edən futbolçularla bağlı məlumatım yox idi. "Rəvan" çox yaxşı oynadı. Sadəcə, bizə lazım olan qol gəlmədi. Gənc komandamız var. Demək olar ki, yenicə formalaşıb. Çox çalışmağımız lazımdır. Əminəm ki, qarşıda bizi böyük uğurlar gözləyir.
- Vaxtilə "Legiya" kimi klubda çıxış etmisiniz. "Rəvan"a keçdiyinizə görə təəssüflənmirsiniz?
- Ola bilər ki, Azərbaycan çempionatı o qədər də güclü deyil. Amma mən "Rəvan"a keçdiyimə görə qətiyyən təəssüflənmirəm. Bu komandaya gəldiyimə görə şadam. Açığını deyim ki, klubun adı mənim üçün o qədər də önəmli deyildi. Mənim üçün daha vacib olan oynamaqdır. Sən sabit oynamaq şansı qazanandan sonra daha yaxşı klublara keçmək imkanı da qazana bilərsən. Hazırda "Rəvan"dayam və burada hər şey xoşuma gəlir.
- "Rəvan" azlıqda qalan "Sumqayıt"a niyə qalib gələ bilmədi?
- Bu suala cavab vermək mənim üçün çətindir. Axı mən hücumda çıxış etmirəm (gülür). Yəqin ki, bunu hücumçulardan soruşmağınız daha düzgün olar. Mən sadəcə, onu deyə bilərəm ki, bizim bəxtimiz gətirmədi. Üstəlik, rəqib qapıçı da yaxşı çıxış etdi. Ümid edirəm ki, bu, qol vura bilmədiyimiz sonuncu matçdır və növbəti matçlarımız daha uğurlu alınacaq.
- Növbəti turda qarşılaşacağınız "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- "Qarabağ" yaxşı komandadır. Onların Ukrayna "Dnepr"i ilə oyunlarını görmüşəm. Amma bizim də yaxşı komandamız var. Qorxmağa dəyməz. Həm də rəqibin kim olmasının fərqi yoxdur. İstəyir "Qarabağ" olsun, istərsə də "Qəbələ", "Neftçi", "İnter" və ya Madrid "Real"ı. İstənilən komandaya qarşı oynamaq olar. Əsas qorxmamaqdır.
- Hətta "Real"a da qarşı?
- Bəli (gülür). "Real"a da qarşı oynamaq olar.
- "Qarabağ" ilk turda qalib gələ bilmədi. Yəqin ki, buna görə sizi mütləq məğlub etməyə çalışacaq?
- Biz də ilk turda heç-heçə oynamışıq. Ona görə biz də qalib gəlmək istəyirik (gülür).
