Rahid Əmirquliyev: Xəzər Lənkəranı Qarabağla Qəbələdən zəif saymıram
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunla bağlı azerisport.az saytının suallarını cavablandırıb.
- Çox az adam "Xəzər Lənkəran"ın yeni transferləri olmadığı halda təcrübəli futbolçulardan ibarət "İnter"ə qalib gələcəyini gözləyirdi...
- Çətin olacağını bilirdik. Çünki rəqib komandanın Avropa Liqasında necə çıxış etdiyini görmüşdük. Amma biz öz meydanımızda, azarkeşlərimizin dəstəyi altında oynayırdıq. Bizdən yaxşı oyun və nəticə gözləyirdilər. Asan olmasa da, qələbə qazana bildik. Rəqib komandada isə yorğunluq var idi. Cəmi bir neçə gün öncə İspaniyanın "Atletik" klubu ilə qarşılaşmışdılar. Ola bilər ki, kimlər üçünsə bu qələbəmiz gözlənilməz oldu. Lakin biz özümüz bunu sürpriz hesab etmirik.
- Yəqin ki, mövsümə bundan yaxşı başlanğıcı təsəvvür edə bilməzsiniz...
- Başlanğıc doğrudan da əla alındı. Hər kəs çempionatın startında inamlı qələbə qazanmaq istəyər. Bu, bizdə alındı. Artıq irəliyə baxmaq lazımdır.
- Dördüncü turdan etibarən yeni futbolçular da sizə kömək edə biləcək. "Xəzər Lənkəran"dan həmin vaxt nə gözləyə bilərik?
- Bu yay "Xəzər Lənkəran" ciddi transferlər edib. Şübhəsiz ki, onların gəlişi komandamızı daha da güclü edəcək. Komanda daha yaxşı futbol sərgiləməyə və nəticələr qazanmağa başlayacaq.
- Yəqin ki, "Qəbələ" - "Qarabağ" matçına baxdınız. "Xəzər Lənkəran" bu iki klubla rəqabət apara biləcək, ya üçüncü yer sizin üçün qənaətbəxş sayılacaq?
- Bu klubların çıxışını həm Premyer Liqada, həm də avrokuboklarda görmüşəm. Fürsətdən istifadə edib, bu iki kluba növbəti oyunlarında uğurlar arzulayıram. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcəklər. Rəqabətə gəlincə, "Xəzər Lənkəran"ın bu komandalardan zəif olmadığını hesab edirəm. Bu mövsüm onlarla rəqabət apara biləcəyik.
- İkinci turda qarşılaşacağınız "Sumqayıt"la oyundan nə gözləyirsiniz?
- Növbəti üç xalı qazanmaq pis olmazdı. Amma "Sumqayıt"a qarşı səfər oyunumuz heç də asan olmayacaq. Çünki süni örtüklü meydanda oynamalı olacağıq.
- Cavid Hüseynovla bağlı məlum hadisələri necə qarşıladınız?
- Bunu eşidəndə özümdə deyildim. Cavidlə birgə aşağı yaş qrupları üzrə yığmalarda oynamışam. Onu çox yaxşı tanıyıram. İnanıram ki, o, günahkar deyil. Tezliklə futbola qayıdacağına ümidliyəm. O, elə oğlan deyil ki, kiməsə belə bir pislik etsin.
- Artıq üç həftədən sonra Azərbaycan yığmasını Xorvatiya və Malta ilə seçmə mərhələ oyunları gözləyir. Bu barədə düşünürsünüz?
- Hələ xeyli vaxt var. Amma xorvatlara qarşı oyunun çox çətin keçəcəyini bilirəm. Maltaya gəlincə, millimiz səfərdən üç xalla qayıtmağa çalışacaq.
