Anar Nəzirov: Bizim üçün hər oyun finala bərabərdir
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim ilk oyunumuz idi və məsuliyyət hissi çox böyük idi. Demək olar ki, hər iki komandanın heyəti yenicə formalaşmışdı. Biz AZAL-ı, onlar da bizi tanımırdı. Komandamız birinci hissəni çox yüksək səviyyədə keçirdi. İkinci hissədə isə oyun istədiyimiz kimi getmədi. Yorğunluq da sözünü dedi. Ona görə də iki fərqli hissə gördük. Lakin əsas qalib gəlməyimiz idi".
Qapıçı qarşıdakı "Kəpəz"lə oyuna da toxunub: "Oyuna ciddi hazırlaşırıq. Bizim üçün hər oyun finala bərabərdir. Qələbələrimizin sayının çox olması üçün əlimizdən gələni edəcəyik. Bu, bizə yüksək yerlər uğrunda mübarizə aparmağa imkan verəcək. "Kəpəz" yaxşı komandadır. Amma biz də üç xal üçün meydana çıxacağıq".
