Fariz Nəcəfov: Favorit Panatinaikosdur, amma biz də mərhələ adlamağa çalışacağıq
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəkləri oyunlarla bağlı sözügedən ölkə mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Rəqibin adı hər şeyi deyir. "Panatinaikos" böyük klubdur. Böyük tarixi və ənənələri var. Çox yaxşı komandadır".
"Afina klubunun heyəti ilə tanış olmuşam. Xeyli keyfiyyətli futbolçusu var. İsveç, Xorvatiya, Yunanıstan yığmasının heyətində çıxış edən futbolçulara malikdir. Gəncləri də çoxdur. Üstəlik, heyətdə Maykl Essyen kimi ulduz futbolçu da var. Əminəm ki, "Panatinaikos" bu heyətlə Çempionlar Liqasının qrup mərhələsində çıxış etməyi hədəfləmişdi. Sadəcə, Belçika klubuna uduzduğundan Avroliqanın pley-off mərhələsində mübarizə aparmaq məcburiyyətində qalıb".
Nəcəfovun sözlərinə görə, "Qəbələ" də Avroliqanın qrup mərhələsinə düşməyi arzulayır. Amma o, komandanın təcrübəsinin az olduğunu dilə gətirib: "Təbii ki, bizim Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağımız əla olardı. Şübhəsiz ki, buna çalışacağıq. Amma bu, bizim avrokuboklardakı cəmi ikinci iştirakımızdır. Klubumuzun böyük təcrübəsi yoxdur".
Nəcəfov cütün favoritini də açıqlayıb: "Panatinaikos" favoritdir. Bu da aydın məsələdir. Çünki rəqibimiz bizdən çox təcrübəlidir. Amma bizim də yaxşı komandamız var. Hər ötən oyunda komandamız daha yaxşı çıxış edir. "Panatinaikos"la ilk oyuna qədər çempionatda daha iki oyunumuz var. Ümid edirəm ki, bu, klubumuza kömək edəcək. Çünki heyətdə xeyli gənc futbolçu var. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağımız dəqiqdir. Yaxşı məşqçilər korpusumuz var. Onların "Panatinaikos"u düzgün analiz edəcəklərinə əminəm".
Ürfan Abbasovla Cavid Hüseynovun (müsahibə Cavidin həbsindən öncə götürülüb -red.) cəzalı durumda olmasına da toxunan vitse-prezident bunları söyləyib: "İlk oyunda onların yoxluğunu hiss edəcəyik. Amma bu, komandanın çıxışına təsir etməməlidir. Fikrimcə, "Qəbələ" azarkeşləri Avroliqadakı növbəti iki oyunda da komandaları ilə fəxr edəcəklər". (gazzetta.gr)
