12 avqust 2015 15:45

BBC: Avroliqada Qarabağ və Qəbələ həyacanı davam edir

Ötən həftə özünə Azərbaycan futbolu üçün bir çox önəmli hadisələr sığışdırdı. Azerisport.az xəbər verir ki, buna ölkənin üç klubunun avrokuboklardakı oyunları və onlardan ikisinin yeni rəqiblərinin müəyyənləşməsi, ölkə çempionatının başlanması və nə qədər xoşagəlməz olsa da, ölüm hadisəsi daxildir.

Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq avrokubokların eyni oyun pəncərəsində keçirilən üç oyunda Azərbaycan klubları qapılarından top buraxmadılar ki, onların rəqiblərinin səviyyəsini nəzərə alsaq, bunu əslində böyük nailiyyət adlandırmaq olar.

Lakin futbolda qələbə qazanmaq üçün qol buraxmamaqdan əlavə qol vurmaq da lazımdır. Çünki hələ futbol yaranana qədər bəşəriyyətin hərbi, sevgi və digər təcrübələri göstərib ki, keçilməz müdafiə olmur.

Elə bu səbəbdən futbol nəzəriyyəçiləri (habelə onların hərbi, sevgi və digər sahələrdəki həmkarları) ən yaxşı müdafiənin hücum olduğunu bildirmişdilər. Bu işdə isə Azərbaycan klubları o qədər də müvəffəqiyyətli olmadılar.

"Seltik" məğlubiyyəti

Ölkə azarkeşlərinin əsas ümidi olan “Qarabağ”, “Herald Scotland” qəzetinin yazdığı kimi, “tam bizim gözlədiyimiz kimi oynadı. Topla yaxşı davranır, əks hücumda təhlükəli, lakin qol vurmaq məsələsində o qədər də bacarıqlı deyildilər”.

Bu da təəccüblü deyil. Qurban Qurbanov komandasına çox yüksək səviyyədə oynamağı öyrətsə də, qol vurmaq bacarığını öyrətmək mümkün deyil. Bununla gərək doğulasan və belə futbolçular adətən Azərbaycandan daha yüksək ödənişli yerlərdə top qovmağa üstünlük verirlər.

Buna baxmayaraq, “Qarabağ” qlazqoluları var güclə oynamağa məcbur etdi və Şotlandiya mətbuatı “Seltik”in “alovdan sağ çıxması”nı (Daily Record) bir qəhrəmanlıq adlandırdı. Əsas qəhrəman kimi isə Britaniya jurnalistləri qapıçı Kreyq Qordonu görürlər.

Qordon ağdamlılarla hər oyunda cəmi bir dəfə olsa da, qapısından bir çox başqa qolkiper üçün əlçatmaz (sözün əsl mənasında) olan elə topları çıxardı ki, komandanın baş məşqçisi Ronni Deylanın niyə görə onu həyatında gördüyü ən yaxşı qolkiper adlandırması məlum oldu.

Və əslində bu cütlükdən kimin irəli getməsini məhz bu amil həll etdi - “Seltik”dəki ifaçıların bəzilərinin səviyyəsinin “Qarabağ”dakılardan bir xeyli yüksək olması.

Şotlandiya mətbuatı “Qarabağ”ın futbolçusu Qara Qarayevin verdiyi müsahibədə “Seltik”li həmkarlarının meydandakı xoşagəlməz hərəkətləri barədə şikayət etdiyini də yazıb.

Amma məncə o, məşhur adaşı və soyadaşının baletlərinin dili ilə desək, bilməli idi ki, meydana çıxanda onun qarşısında “Yeddi gözəl” deyil, çörək, ya daha dəqiq desək, kürülü buterbrod pulu uğrunda döyüşən kişilər olacaq və bu oyunda nəyəsə nail olmaq üçün, “İldırımlı yollar”la adlamaq lazım olacaq.

“Cavan uşaqlar”a qarşı

Ağdamlıların növbəti rəqibinə gəldikdə isə, onların meydanda qeyri-futbol davranışları barədə bir şey deyə bilməsəm də, futbolçular kimi “Seltik”dəkilərdən kifayət qədər zəif olduqlarını iddia etmək olar.

“Cavan uşaqlar”ın (klubun “Young Boys” adı məhz belə tərcümə olunur) heyətində Serbiya millisinin hücumçusu Miraləm Süleymanidən başqa nəzərə çarpan futbolçu yoxdur.

Düzdür, komanda onsuz da son mövsümdə uğurla çıxış edib, İsveçrədə ikinci yer tutub və Avropa Liqasının 1/32 finalına çıxmışdı. Amma bu mövsümdə bernlilər hələ ki, öz oyunlarını tapa bilmədən, o qədər də uğurlu çıxış etmirlər.

Ağdamlıların oyunu isə keyfiyyətli olaraq qalır. Bu səbəbdən “Qarabağ”ın bu qarşıdurmada şanslarını ən azı 50/50 kimi səciyyələndirmək olar.

Cavidsiz "Qəbələ"

Təəssüflər olsun ki, “Qəbələ” haqqında bunu demək olmur. Və bura ilk növbədə qeyri-futbol amilləri aiddir. Ötən həftəki yazıda qeyd etmişdik ki, Cavid Hüseynovun əllə etdiyi hərəkət ona baha başa gələ bilər.

Amma nə klubda, nə də Cavidin şəxsi dairələrində bunu ona başa salan olmadı və o, “Apollon”la cavab oyunundan sonra yenə də əl hərəkətləri etdi.

Söhbət artıq onun bu hərəkətlə nə göstərmək istəməsi barədə getmir, söhbət ondan gedir ki, bu hərəkət zəncirvari reaksiya verərək, heç kimin təsəvvür edə bilməyəcəyi ağır nəticə verdi. Bu hadisələr gənc, günahsız bir insanın ölümünə gətirdi ki, bunu artıq heç nə ilə düzəltmək mümkün deyil.

Futbolçular bu dünyada cəmiyyət tərəfindən ən çox izlənilən təbəqələrdən biridir və onlar etdikləri hər hərəkətin çox vacib olduğunu başa düşərək, Qara Qarayevin əsərlərinə yenə istinad etsək, “Çılğın qaskoniyalı” olduqlarını oyundan kənarda deyil, meydanda göstərməlidirlər. Nəticədə Cavid Hüseynov indi həbsxanadadır, onun komanda yoldaşlarının ruhu isə nikbinlikdən xeyli uzaqdır.

Amma hətta bu hadisələr baş verməsəydi belə, növbəti rəqib “Qəbələ” üçün çətin keçiləsi olacaqdı. Yunanıstanın ikinci ən populyar klubu olan “Panatinaikos” 20 dəfə ölkəsinin çempionu olub (düzdür, sonuncu dəfə beş il əvvəl) və vaxtilə Çempionlar Kubokunun finalında oynayaraq, orada həmin zamanlar Avropanın ən güclü klubu olan “Ayaks”a məğlub olmuşdu.

Bu hadisə 1971-ci ildə baş versə də, futbolda ənənələrin təsirinin çox güclü olması hamıya məlumdur. Əks halda “Real” Madrid, “Milan” və “Chelsea” kimi klublarda parıldayan əfsanəvi müdafiəçi Maykl Essyen bu mövsümdə “Panatinaikos”u özünə məskan seçməzdi.

Ona vaxtilə “Arsenal”da oynamış Tavlaridis və “Bayern”lə “Borussia” Dortmund kimi nəhənglərin heyətində mühüm rol oynamış serblər Pranyiçlə Petriçi əlavə etsək, Afinanın “Qəbələ” üçün bu Avropa mövsümündə son dayanacaq olacağını böyük ehtimalla güman etmək olar.  (BBC)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.