Jurnalistin ölümü ilə bağlı tutulanlardan daha biri futbolçudur
Jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı tutulanlardan daha biri sabiq futbolçudur. Azerisport.az xəbər verir ki, ANS Press haqqında həbs qəti imkan tədbiri seçilmiş 6 nəfərin içində olan Camal Məmmədovun 2013-cü ildə futbolçu karyerasını başa vurduğunu bildirirdi.
Məlumatda o da bildirilirdi ki, karyerası ərzində "Standart", "İnter", "Karvan", "Turan" kimi klubların şərəfini qoruyan Camal Məmmədov futzal üzrə Azərbaycan millisinin də şərəfini qoruyub. Hadisə ilə əlaqədar saxlanılan Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da keçmiş futbolçudur. Elşən İsmayılov AZAL və "Qəbələ" futbol klublarında oynayıb.
Lakin bu məlumatları dəqiqləşdirdik və məlum oldu ki, cinayətdə iştirak edən Camal Məmmədov başqa futbolçudur. Belə ki, o, "Simurq" və "Turan"ın əvəzedici komandalarında çıxış edib, daha sonra isə "Qaradağ Lökbatan"a keçib.
Avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
