Samir Zərgərov: Rəşad Sadıqovun belə səhv edəcəyini gözləmirdim
"Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- "Qarabağ"a qarşı oyunla bağlı nə deyə bilərsiniz?
- Ötən həftə hər iki komanda avrokuboklarda oyun keçirmişdi. Üstəlik, rəqiblə müqayisədə bizim hazırlıq üçün bir gün daha az vaxtımız var idi. Komandada yorğunluq hiss olunurdu. Buna baxmayaraq, biz meydanda sonadək mübarizə apardıq. İlk oyunda uduzmaq istəmirdik.
- Komandanızın oyunundan razı qaldınız?
- Bütövlükdə, hə. Fikrimcə, zamanla daha yaxşı oynayacağıq.
- Matçda üç maraqlı epizod oldusa, onlardan ikisinin iştirakçısı siz oldunuz. Öncə penalti epizodunu şərh edərdiniz...
- Topu uzaqlaşdırmaq istəyirdim. Amma Ansi Aqollini hiss etmədim. Topa zərbə vurmaq istəyərkən rəqib futbolçuya toxundum. Ona görə də hakim qayda pozuntusu qeydə alındı.
- Bəs səhvinizi düzəldib, qol vurduğunuz epizodla bağlı nə deyə bilərsiniz?
- Rəşad Sadıqovdan elə səhv gözləmirdim. Amma mən hər epizodda sonadək mübarizə aparmağı xoşlayıram. Bu dəfə də elə oldu və mən hesabı bərabərləşdirdim.
- Premyer Liqanın startı ilə bağlı fikirləriniz necədir?
- İlk oyunlar həmişə çətin olur. Biz də ilk turda son çempiona qarşı mübarizə aparmalı olduq. Fikrimcə, başlanğıc üçün pis nəticə deyil. Qarşıda daha bir tur var. Ondan sonra isə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubu ilə vacib oyunlara çıxacağıq.
- Cavid Hüseynovla bağlı olaylar komandadakı atmosferə nə dərəcədə təsir edib?
- Əlbəttə, bu hadisə klubdakı hər kəsi sarsıdıb. Buna baxmayaraq, meydana çıxan futbolçular futboldan başqa heç nə haqda düşünmür.
