Roman Qriqorçuk: Cavid Hüseynovun yoxluğu itki olsa da, şikayətlənməyə dəyməz
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis 2:2 hesabıyla bitən görüşdən sonra öncə bunları söyləyib:
"Fikrimcə, iki ən yaxşı komandanın görüşü idi. Bir halda ki, matç 2:2 hesabıyla başa çatdı, deməli, belə olmalıymış. Oyunun keyfiyyətinə gəlincə, start üçün kifayət qədər yaxşı idi. Özü də hər iki komanda avrokubok oyunlarında iştirak etdiyi üçün yorğun idi. Futbolçular ən xoş sözlərə layiqdirlər. Yüksək temp olduğunu deməzdim. Amma hərəkət var idi".
O, "Qəbələ"nin qapısına təyin olunan penalti və Rəşad Sadiqovun qırmızı vərəqə aldığı epizoda da toxunub: "Penaltiyə söhbət yoxdur. Orada hər şey ədalətli idi. Amma qırmızı vərəqə hakimin səhvi idi. O, heç özü də bu qərarını dəqiq izah edə bilməz. Mənə elə gəlir ki, orada heç sarı vərəqə belə yox idi. Mən deyərdim ki, belə bir kateqoriyalı hakim bu epizodda kobud səhvə yol verdi".
Qriqorçuk məlum olaylarla əlaqədar komandadan uzaqlaşdırılan kapitan Cavid Hüseynovun məsələsinə də münasibət bildirib: "Bizim üçün təbii ki, bu, itkidir. Hazırda o, komandanın əsas heyət oyunçusu idi. Amma bundan danışmağa, şikayətlənməyə dəyməz. Çünki yüksək nəticələrə nail olmaq istəyən komandada əvəzolunmaz futbolçu olmamalıdır. Hər bir komandada istənilən futbolçunu əvəzləyə biləcək oyunçu olmalıdır. Ümid edirəm ki, bizdə də belə olacaq". (CBC)
