Rəşad Sadiqov: O epizod zamanı qırmızı vərəqəlik hərəkət yox idi
"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Düzünü deyim ki, meydandan qovulduğum epizod zamanı qırmızı vərəqəlik hərəkət yox idi. Mənə elə gəlir ki, qayda pozuntusuna məruz qalan Qara Qarayev özü də birbaşa qırmızı vərəqə almağıma təəccübləndi. Təbii ki, qırmızı vərəqə almağıma görə məyus oldum. Oyun isə əla alındı. Çünki bugünkü matçda hər şey var idi".
O, komandasının və "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki çıxışına da toxunub: "Avroliqada oynamaq çox gözəldir. Komandamız artıq tarixi uğura imza atmağı bacarıb. Amma biz bununla kifayətlənməyəcəyik. Çalışacağıq ki, qrup mərhələsinə vəsiqə qazanaq. Yəqin ki, "Qarabağ" da buna çalışacaq". (CBC)
