Aleksey Antonov: Bizə hələ mükafat verilməyib, amma əsas tarix yazmağımız idi
"Qəbələ"nin hücumçusu Aleksey Antonovun azerisport.az saytına müsahibəsi
- Premyer Liqanın açılış turunda qarşılaşacağınız "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- Çempionata yaxşı başlamaq lazımdır. Ona görə də meydana üç xal üçün çıxacağıq. Baxmayaraq ki, rəqibimiz çox ciddidir.
- Avropa Liqasının pley-off mərhələsinə çıxmağınıza görə sizə mükafat verildi?
- Hələ yox (gülür). Əsas mərhələ keçmək və tarix yazmaqdır.
- Yəqin ki, Kipr "Apollon"unu keçdiyinizə görə komandada atmosfer yaxşıdır...
- Rəqibimiz güclü komanda idi. Ona görə cavab oyunu çox çətin alındı. Amma əsas bizim qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanmağımız idi. Bu, çox sevindirir.
- "Apollon"un belə güclü oynayacağını gözləyirdiniz?
- Bunu öncədən də bilirdik. Bu komanda avrokubokların qrup mərhələsində oynamışdı, böyük təcrübəsi var idi. Ona görə də bu rəqiblə görüşlərə çox ciddi hazırlaşmışdıq.
- Maraqlıdır, "Qəbələ" ardıcıl iki mövsüm Avroliqanın qrup mərhələsində oynamış komandanı necə mübarizədən kənarlaşdırdı?
- Biz hər birimiz vəzifəmizin öhdəsindən maksimum gəlməyə çalışdıq. Eyni zamanda xarakter nümayiş etdirdik. Həm də "Apollon"a qarşı necə oynamaq lazım olduğunu bilirdik.
- Amma Bakıdakı oyunda siz heç də özünüzə bənzəmirdiniz...
- Bu, sizin fikrinizdir. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Bu, futboldur. Mənim qol vurmaq üçün də şansım oldu. Əlbəttə, qol vura bilmədim. Amma fərqlənsəydim, daha yaxşı olardı.
- Ermin Zets artıq meydana buraxılır. Yəqin ki, aranızda gərgin rəqabət olacaq...
- Belə güclü rəqabətdən qazanan həmişə komanda olur.
- Pley-off mərhələsində qarşılaşacağınız "Panatinaikos"la oyunlardan nə gözləyirsiniz?
- Hazırlaşacağıq. Rəqibin oyununu ciddi analiz etmək lazımdır. Fikrimcə, "Panatinaikos" çox güclü rəqibdir. Amma eybi yox. Bu komandanı keçmək, qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Futbolçularımızın hər birinin sonadək mübarizə aparacağına əminəm.
