Ansi Aqolli: Qarabağ bu oyunla Avroliqanın qrupunda oynayacaq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:
"Qəbələ" ilə oyuna yaxşıhazırlaşmışıq. Çempionata uğurlu start verməyi çox istəyirik. Bu oyunda qazanacağımız uğur bizim İsveçrənin "Yanq Boyz" klubu ilə Avropa Liqası matçına daha yaxşı hazırlaşmağımıza da kömək edəcək".
Aqolli Avroliqanın pley-off mərhələsində onlara rəqib olan İsveçrə klubu barədə də danışıb: "Mən iki il İsveçrə çempionatında çıxış etmişəm. "Yanq Boyz"un güclü klub olduğunu deyə bilərəm. Amma bizim hədəfimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün də əlimizdən gələni etməliyik. Şanslar barədə yalnız bir söz deyə bilərəm: hər iki klubun şansı bərabərdir".
Albaniyalı müdafiəçi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubunu keçə bilməmələrinə də toxunub: "Biz əksər komponentlərdə rəqibdən daha yaxşı idik. Qol vurmaq üçün də hər şeyi etdik. Amma mənə elə gəlir ki, bu komanda ilə oyunlarda uğur bizim tərəfimizdə deyildi. Rəqibimiz də çox güclü komanda idi".
Aqolli komandaya yeni qoşulan futbolçuların çıxışından və həmin oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonundan da söz açıb: "Mən qazonun bizim oyunumuza necə təsir etməsindən danışmaq istəmirəm. Eşidirəm ki, bizim uğursuz çıxış etməyimizə səbəb kimi yeni futbolçuların yaxşı çıxış etməməsi səbəb göstərilir. Amma mənə elə gəlir ki, yeni futbolçularımız yaxşı çıxış etdilər. Qələbə qazanacağımız halda heç kim onların barəsində bu fikirləri səsləndirməyəcəkdi. Mən bir daha qeyd etmək istəyərdim ki, qələbə qazanmağı, mərhələ adlamağı çox istəyirdik, yaxşı da oynadıq. Sadəcə, alınmadı. Biz bu oyunla Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağıq".
