Xuan Alberto: Özümüz də çox şeydən narazıyıq
"Neftçi"nin müdafiəçisi Xuan Alberto Melli Topaz Premyer Liqsının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qolsuz bitən ilk oyununuz barədə nə deyə bilərsiniz?
- Nəticə bizim üçün gözlənilməz oldu. Emosional oyun alındı. Amma hücumda istədiyimiz kimi oynaya bilmədik. Matçda müsbət məqamlar da var idi. Elə bir xal qazanmağımızı misal göstərmək olar. İlk oyun üçün pis nəticə deyil. Sadəcə, növbəti oyunlarda qol və qollar vurmaq üçün daha çox çalışmalıyıq.
- Amma hər kəs bu oyunda "Neftçi"dən 3 xal gözləyirdi...
- Komandamız oynadı. Sadəcə, qol vura bilmədik. Belə hallar olur.
- Siz 1-ci diviziondan gələn komandaya qalib gələ bilmirsinizsə, "Qəbələ", "İnter", "Qarabağ" kimi klublarla necə oynayacaqsınız?
- Mövsümün ilk oyunları həmişə çətin olur, nələrsə alınmır. Aydın məsələdir ki, biz həmişə belə oynamayacağıq.
- Amma onlarla ciddi rəqabətə hazır olmadığınız hiss olunur...
- Fikrimcə, zamanla bizim oyunumuzda irəliləyiş olacaq. Özümüz də bunu başa düşürük və daha çox çalışacağıq ki, çatışmazlıqları aradan qaldıraq.
- "Neftçi"dən rəhbərlikdən tutmuş heyətə kimi hər şey yenidir. Heyətdəki gənclərin də çox olduğunu nəzərə alsaq, mövsümün sonunda 4-5-ci yeri tutmağınız normal nəticə sayıla bilər?
- Bir oyuna görə nəticə çıxarmaq tezdir. Biz də çox şeydən narazıyıq. Amma dediyim ki, çalışmağa davam edəcəyik. Oyunumuzu, xüsusilə hücum keyfiyyətini yaxşılaşdırmalıyıq.
