Kaue: Neftçidə hər şey yeni olduğundan, oyunumuza təsir edir
"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra azerisport.az saytına müsahibə verib.
- Matç barədə nə deyə bilərsiniz?
- Hər şeyin belə başa çatacağına inanmırdım. Qələbə qazanmağı çox istəyirdik. Amma rəqibimiz yaxşı oynadı. Biz isə hücumda çoxlu səhvlərə yol verdik.
- "Kəpəz"dən belə oyun gözləyirdiniz?
- Bəli. Əmin idim ki, onlar bizə qarşı tam güclərini qoyacaqlar. Özü də "Neftçi"yə qarşı hamı aqressiv oynayır.
- Komanda Avropa Liqasındakı uğursuzluğu hələ də unuda bilməyib?
- Avroliqa artıq geridə qalıb. Komandamız tam yenilənib. Çoxlu gənc futbolçumuz var ki, baş məşqçi onlara da şans verir. Hətta həkimimiz də yenidir. Bütün bunlar istər-istəməz oyunumuza təsir göstərir.
- "Neftçi"nin futbolçularının hücumlar qurmaqda çətinlik çəkdiyi hiss olunurdu...
- Komanda yoldaşlarımın oyunu barədə danışmaq istəməzdim. Çünki meydanda komanda olaraq mübarizə aparırdıq. Qol vurmaq üçün də şanslarımız oldu. Sadəcə, yararlana bilmədik.
- Komandanızın oyunu xoşunuza gəldi?
- Həm müsbət, həm də mənfi məqamlar var. Amma daha çox çalışmalıyıq ki, bu gün "Kəpəz"lə oyunda itirilən xalları geri qaytaraq.
