Başlayır!
Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümü start götürəcək. Azerisport.az xəbər verir ki, mövsümün açılış turunun oyunları iki günə təsadüf edəcək.
Uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının elitasına qayıdan ən titullu klubumuz "Kəpəz" ilk turda əzəli rəqibi, Premyer Liqamızın bütün dövrlərinin daimi iştirakçısı olan “Neftçi” ilə üz-üzə gələcək. 30 aydan sonra qarşılaşacaq klublar 40-cı dəfə üz-üzə gələcək. Son illərdə böyük üstünlük qazanan “Neftçi” 7 matçdır rəqibinə uduzmur. Ardıcıl 3 qarşılaşmada xalsız qalan Gəncə təmsilçisi son qələbəsini 10 il əvvəl qazanıb. Əvvəlki 39 oyundan 19-da "Neftçi" qalib gəlibsə, 15-də "Kəpəz" sevinib. Qalan 5 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqində də bakılıların böyük üstünlüyü var - 62:36. Qısa müddət ərzində toplanan və elitaya hazırlaşan Şahin Diniyevli "Kəpəz"in mövsümə nə dərəcədə hazır olduğu iddialı rəqibi ilə görüşdə bilinəcək. Avropa Liqasındakı mübarizəsini erkən dayandıran "Neftçi" isə Samir Əliyevlə çempionluğa nə dərəcədə iddialı olduğunu elə ilk turdan göstərməyə çalışacaq.
Premyer Liqanın digər debütantı - “Zirə” də ilk oyun günündə meydana çıxacaq. Bu klub öz meydanında digər paytaxt təmsilçisi AZAL-la üz-üzə gələcək. Bu klublar indiyə qədər qarşılaşmayıblar. "Zirə" debütant olmasına baxmayaraq, mövsümə çox yaxşı hazırlaşıb, ciddi transferlər həyata keçirib. AZAL isə ötən mövsümlə müqayisədə bu yay daha da zəiflədi, əksər legionerləri ilə yollarını ayırdı. Hətta bu komandanın ötən mövsümkü bir neçə futbolçusu bu gün "Zirə"nin heyətində sabiq klubuna qarşı oynayacaq. Bu üzdən də əksəriyyət debütantı paytaxt derbisinin favoriti hesab edir.
İlk oyun gününün daha bir görüşü “Xəzər Lənkəran”la “İnter” arasında baş tutacaq. 33-cü duel ərəfəsində “İnter” böyük üstünlüyə malikdir. Bu komanda əvvəlki oyunların 12-də qələbə qazanıb. 15 qarşılaşma sülhlə bitdiyi halda, cəmi 5 oyunda cənublular qalib gəliblər. Bakılılar ötən mövsümə təsadüf edən son 3 qarşılaşmada qalib gəlib. “Xəzər Lənkəran” isə sadəcə, son 3 ev matçında meydanı qolsuz tərk etməyib. Top fərqində də bakılılar üstündür - 37:27. Avropa Liqasında üçüncü təsnifat mərhələsinə qədər irəliləyən, İspaniyanın "Atletik" klubu ilə mübarizədə çıxışını başa vuran "İnter" ciddi maliyyə problemləri ilə üz-üzə olmasına, ötən mövsümkü heyətini demək olar ki, itirməsinə baxmayaraq, bu mövsüm də iddialı çıxış edə bilər. Amma cənub klubu da Yunis Hüseynovun rəhbərliyi altında yaxşı heyət formalaşdırıb. Sadəcə, FİFA-nın transfer qadağası səbəbindən cənublular yeni aldığı futbolçuları həm "İnter"lə, həm də növbəti iki turda meydana buraxa bilməyəcək. Bu üzdən də paytaxt klubu Lənkəranda növbəti qələbəsini qazanmaqla mövsümə uğurlu start verə bilər.
İkinci oyun günündə yenidən Premyer Liqaya qayıdan “Rəvan” “Sumqayıt”la üz-üzə gələcək. “Rəvan” 13-cü duel öncəsi üstünlüyə malikdir. Paytaxt klubu ilk matç istisna olmaqla, son 11 qarşılaşmada meydanı qolsuz tərk etməyib. Son 4 görüşdə sumqayıtlılar qalib gələ bilməyib. Ardıcıl 3 oyunda komandalar hərəyə 1 qol vurub, 1 xal qazanıb. Əvvəlki 12 oyundan 6-da bakılılar, cəmi 2-də sumqayıtlılar 3 xalı bayram edən tərəf olub. 4 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də paytaxt klubunun xeyrinədir - 16:12. Emin Quliyevin rəhbərliyi altında qısa müddət ərzində formalaşan "Rəvan"ın bu mövsüm iddialı olması inandırıcı görünmür. Elə "Sumqayıt" da iddialı heyət yığmayıb. Bu üzdən də sözügedən klubların ilk duelinin necə nəticələnəcəyini öncədən proqnozlaşdırmaq bir qədər çətindir.
Nəhayət, ilk turun mərkəzi oyununda “Qəbələ” son çempion “Qarabağ”ı qəbul edəcək. Ötən mövsümün mükafatçılarının əvvəlki 28 oyununda “Qarabağ” üstünlüyə malikdir. Ağdam klubu 13 oyunda qalib gəlibsə, qəbələlilər cəmi 7 dəfə 3 xala seviniblər. 8 qarşılaşmada isə tərəflər hərəyə 1 xalla kifayətləniblər. Lakin “Qəbələ” son 3 qarşılaşmadan xalsız və qolsuz ayrılmayıb. Ağdamlılar son 6 səfər matçında qol vurub. Bütövlükdə, top fərqi də "Qarabağ"ın xeyrinədir - 37:25. Hər ikisi Avropa Liqasının pley-offuna yüksələn bu iki klubumuz cari mövsümdə çempionluğa əsas namizəd hesab olunur. Bu üzdən də Premyer Liqanın açılış turundaca maraqlı bir qarşılaşma izləyəcəyimiz şübhəsizdir.
Topaz Premyer Liqası
1-ci tur
9 avqust (bazar)
21:00. "Neftçi” - “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bakcell Arena”.
21:00. “Zirə” – AZAL
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məlik Həsənov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu.
21:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Asim Xudiyev.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
10 avqust (bazar ertəsi)
21:00. “Rəvan” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Bayıl Arena”.
21:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu.
