7 avqust 2015 18:20

Qarabağla Qəbələ üçün gümüş medalçılar

Azərbaycan çempionu "Qarabağ"la son mövsümün bürünc mükafatçısı "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsindəki rəqibləri müəyyənləşdi. Azerisport.az xəbər verir ki, Ağdam klubu İsveçrənin "Yanq Boyz", Qəbələ təmsilçisi isə Yunanıstanın "Panatinaikos" komandası ilə qarşılaşacaq.

"Yanq Boyz"

1898-ci ildə yaranmış İsveçrə nəhənginin 117 yaşı var. Bu komanda İsveçrənin paytaxtı və dördüncü böyük şəhəri olan Berni təmsil edir. "Yanq Boyz" ev oyunlarını 32 min azarkeş tutumu olan "Stad de Suiss"də keçirir. Komandanın baş məşqçisi Ulrix Forte, prezidenti Verner Müllerdir.

"Yanq Boyz" İsveçrənin ən titullu klublarından biri hesab olunur. Belə ki, bu klub indiyə qədər 11 dəfə ölkə çempionu olub. 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırmış klub, 1 dəfə də Liqa Kubokuna sahib çıxıb. Amma "Qarabağ"ın rəqibi artıq uzun illərdir ki, əvvəlki əzəmətindən uzaqdır. Belə ki, sonuncu dəfə 1985/86 mövsümündə çempion olmuş bu komanda növbəti mövsümdə də ölkə kubokunu qazanıb və ondan sonra belə uğurlara həsrətdir.

Buna baxmayaraq, "Yanq Boyz" mütəmadi olaraq, avrokuboklara vəsiqə qazanır və qitə arenasında böyük təcrübəyə malikdir. Bu komanda həm 80-ci illərə qədərki əzəmətli vaxtlarında, həm də ondan sonrakı dövrdə avrokuboklara vəsiqə qazanmağı bacarır. Vaxtilə ən çox mübarizə apardığı İntertoto Kubokunda hər il qrup mərhələsində çıxış edən "Yanq Boyz" son 10 ildə də Avropa Liqasında oxşar uğurlara imza atmaqdadır.

Bu mövsüm isə "Qarabağ"ın rəqibi mübarizəyə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən başlayıb. İsveçrə klubu Fransanın "Monako" komandasına evdə 1:3, səfərdə 0:4 hesabıyla uduzaraq, Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalıb. Bir sözlə, "Qarabağ" kimi, rəqibi də Avroliqaya ÇL-dən gəlib. Sadəcə, Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışdı.

"Yanq Boyz" İsveçrə çempionatının son mövsümündə ikinci yeri tutmaqla ÇL-in üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Keçirdiyi 36 oyunda 66 xal toplayan komanda çempion "Bazel"dən 12 xal geri qalıb. 19 qələbə qazanıb, 9 heç-heçə edən Bern klubu 8 dəfə də məğlubiyyətlə üzləşib. Rəqib qapılarından 64 top keçirən "Yanq Boyz" özü 45 dəfə məyus olub.

Hazırda İsveçrə çempionatında yeni mövsüm də start götürüb. Geridə qalan 3 turda qələbə qazana bilməyən komanda hər üç oyunda heç-heçə edib və 3 xalla 10 klub arasında 6-cı pillədə qərarlaşıb.

Heyəti əsasən isveçrəli futbolçulardan təşkil olunmuş "Yanq Boyz"da 11 legioner futbolçu çıxış edir. Onların arasında Serbiya, Çexiya, Venesuela, Fil Dişi Sahili, İsveç, Makedoniya, Yaponiya, Qana və Fransadan olan futbolçular var.

"Panatinaikos"

Yunanıstanın ən böyük klublarından olan "Panatinaikos" 1908-ci ildə yaradılıb. 107 yaşı olan komanda paytaxt Afinanı təmsil edir. Komanda ev oyunlarını 16 000 azarkeş tutumuna malik Apostolos Nikolaidis adına stadionda keçirir. Klubun prezidenti Yannis Alafuzos, baş məşqçisi Yannis Anastasiudur.

"Panatinaikos" Yunanıstanın ən titullu klublarından sayılır. Bu komanda 20 dəfə ölkə çempionu olub. 18 dəfə Yunanıstan kubokunu başı üzərinə qaldırmış afinalılar 5 dəfə də superkuboka sahib çıxıblar ki, sonuncu göstəricisinə görə ölkənin rekordçusu hesab olunurlar. Paytaxt təmsilçisi 8 dəfə daxili turnirlərin hər ikisində qalib gəlməklə qızıl dubla imza atıb.

Yunanıstan nəhəngi təkcə daxili yox, həm də xarici arenadakı uğurları ilə öyünə bilər. Bu komanda 1971-ci ildə Çempionlar Liqasının finalında uduzaraq, qızıl medalları əldən verib. İki dəfə (1985 və 1996-cı illərdə) bu turnirin yarımfinalçısı olub. 1992 və 2002-ci illərdə isə mübarizəni 1/4 finalda dayandırmalı olub. "Panatinaikos" indi Avroliqa adlanan UEFA Kubokunda da 1988 və 2003-cü illərdə 1/4 finala çıxmasına rəğmən, mübarizəni dayandırıb.

Qeyd edək ki, "Qəbələ"nin rəqibi bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən başlayıb. "Panatinaikos" buna Yunanıstan çempionatının son mövsümündə ikinci yeri tutmaqla nail olub. "Qarabağ" və onun rəqibi "Yanq Boyz" kimi, Yunanıstan nəhəngi də ÇL-in üçüncü təsnifat mərhələsində məğlub olaraq, Avroliqada mübarizə aparmaq məcburiyyətində qalıb. Bu komanda doğma meydanda Belçikanın "Brügge" klubuna 2:1 hesabıyla qalib gəlsə də, səfərdə 0:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni dayandırıb.

"Panatinaikos"un heyəti demək olar ki, yunanıstanlı futbolçulardan təşkil olunub. Komandada 11 legioner futbolçu var ki, onlar da Qana, Portuqaliya, Almaniya, Nigeriya, İngiltərə, Finlandiya, İspaniya, Danimarka və Xorvatiyanı təmsil edirlər. Onların arasında Avropanın nəhəng klublarında çıxış etmiş Daniyel Pranyiç, Serxio Sançes, Mladen Petriç və Mikael Essyen də var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.