Tuyqun Nadirov: Premyer Liqa bu mövsüm daha maraqlı olacaq
AFFA-nın Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov bu gün baş tutan iclasda müzakirə olunan məsələlərlə bağlı jurnalistlərə açıqlama verib. Azerisport.az xəbər verir ki, o, daha çox qarşıdakı mövsümlə bağlı məsələlərin müzakirəyə çıxarıldığını bildirib:
"Əsasən Premyer Liqanın yeni iştirakçıları - "Zirə", "Kəpəz" və "Rəvan"la müzakirələr apardıq. Ümid edirik ki, onlar gələcəkdə Klublar Komitəsinin iclaslarında daha fəal iştirak edəcəklər".
Nadirovun sözlərinə görə, əsas problemlərdən biri Premyer Liqa oyunlarının teleyayım məsələsi olub: "CBC kanalı çempionatın teleyayımını öz üzərinə götürüb. Bunun üçün klublara müəyyən məbləğ ödəniləcək. Çoxları məbləğin elə də böyük olmadığını deyir. Amma əsas başlanğıcdır. Telekanalın bu yayım üçün avadanlıqları artıq yoldadır. Kifayət qədər bahalı avadanlıqdır. Bu, həm paytaxtdakı, həm də regionlardakı oyunları yüksək səviyyədə yayımlamağa kömək edəcək. Ola bilsin ki, başlanğıc üçün daha çox paytaxtdakı matçlar yayımlansın. Telekanalın nümayəndələri klublarla da görüşəcək. Onlar Topaz Premyer Liqasının oyunlarının Avropada yayımlanması üçün əllərindən gələni edəcəklər. 8 kameralı yüksək səviyyəli çəkilişlər olacaq. Bu, çox sevindirici məqamdır. Çünki əvvəllər teleyayımdan həzz ala bilmirdik".
Nadirov Premyer Liqanın sponsoru "Topaz"la yeni müqavilənin imzalanmasına da münasibət bildirib: "Çempionat bu il maraqlı olacaq. Çünki iştirakçıların sayı yenə 10 klubdur".
Bu gün baş tutan iclasda "Qarabağ"ın nümayəndəsinin yer almamasına toxunan "Xəzər Lənkəran"ın vitse-prezidenti bunları söyləyib: "Onlar öz təkliflərini yazılı şəkildə göndərmişdilər. "Qarabağ"la "Qəbələ" avrokuboklarda çıxış edir. Gündəmdə olan məsələləri bu klubların rəsmiləri ilə də müzakirə etmişik".
