Ramin Musayev: İnterin Atletiklə heç-heçəsi mərhələ keçməyə bərabərdir
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qəbələ" və "İnter"in Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ötən gün keçirdiyi oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter" növbəti mərhələyə yüksələ bilməsə də, onlar Azərbaycan futboluna böyük hədiyyə bəxş etdilər. Belə komanda ilə İspaniya klubuna dərs keçdilər. Çünki bu iki ölkə futbolu arasındakı səviyyə fərqini nəzərə alsaq, onların dünənki çıxışını ancaq belə adlandırmaq olar. Mənə elə gəlir ki, "Atletik"lə heç-heçə elə mərhələ keçməyə bərabər bir uğurdur.
"Qəbələ"yə gəlincə, onlar yaxşı futbol nümayiş etdirdilər və layiqli şəkildə pley-offa vəsiqə qazandılar. Amma qol vurulana qədər çox həyəcan keçirdim. Baxaq, görək klublarımızın bəxtinə hansı rəqiblər düşəcək. "Qarabağ"la "Qəbələ"yə növbəti mərhələdə uğurlar arzulayıram".
Qeyd edək ki, "İnter" ötən gün ilk oyunda 0:2 hesabıyla uduzduğu İspaniyanın "Atletik" klubu ilə doğma meydanda qolsuz bərabərliyə razılaşdığından, mübarizəni dayandırmalı oldu. "Qəbələ" isə səfərdə 1:1 hesablı bərabərliyə razılaşdığı Kipr "Apollon"unu 1:0 hesabıyla məğlub edərək, pley-offa yüksəldi.
