Roman Qriqorçuk: Pley-off mərhələsində istənilən rəqiblə qarşılaşma bizim üçün çətin olacaq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis 1:0 (ilk oyun 1:1) hesabıyla başa çatan görüşdən sonra öncə bunları söyləyib:
"Biz hamımız çox şadıq ki, siz jurnalistləri, bizi əla dəstəkləyən azarkeşləri sevindirə bildik. Növbəti oyunda Ürfan Abbasovla Cavid Hüseynovun xidmətindən yararlana bilməyəcəyik. Amma biz onlara layiqli əvəzləyici tapmalıyıq. Bizə yeni qoşulan futbolçular kömək etməlidirlər. Ayın 20-nə qədər bütün futbolçularımız hazır vəziyyətdə olmalıdırlar".
"Mən futbolçularla intizamla bağlı söhbət edəcəyəm. Mən Cavidi sevirəm. Amma ondan həddən artıq narazıyam. Qələbə qazandıq, amma emosiyalara qapılmaq lazım deyil. Bura uşaq bağçası deyil. Bunları düzəltmək lazımdır. Artıq onunla danışmışdım, başa salmışdım ki, "Apollon"un futbolçularının təxribatına uymaq olmaz. Ümid edirəm ki, Cavid bundan sonra emosiyalarına sahib çıxa biləcək".
Qriqorçuk rəqibin təzyiqi artırdığı son dəqiqələrdə əvəzetməyə əl atmamasının səbəbini belə izah edib: "Vitali Vernidubu meydana buraxmaq istəyirdim, amma Ürfan Abbasovun meydandan qovulması məni fikrimdən daşındırdı. Keçirdiyimiz altı oyunda həm pis, həm də yaxşı görüşlərimiz oldu. Bu gün emosiyalar çox yüksək idi. Bəlkə də bu üzdən daha yaxşı oyun sərgiləyə bilmədik. Texniki səhvlər çox idi. Bütün bunları nəzərə alsaq, ideal oyun sərgiləməməyimiz başadüşüləndir. Amma əsas odur ki, lazım olan nəticəni qazandıq".
"Allah eləsin ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaq. O zaman məndən istənilən sürprizi gözləyə bilərsiniz. Pley-off mərhələsindəki potensial rəqiblərə gəlincə, onların hamısı "Qəbələ"dən güclüdür. Yəqin ki, biz səpələnməmişlər səbətində yer alarıq və hansısa ölkənin çempionu ilə düşmərik. İstənilən ölkənin çempionuna qarşı oynamaq bizim üçün çox çətin olacaq".
Sonda onu da qeyd edək ki, Qriqorçuk daha öncə "Apollon"u keçəcəkləri halda, mətbuat konfransına "aerodrom" papaqla gələcəyinə söz vermişdi. Ukraynalı mütəxəssis bu sözünə əməl edib.
