6 avqust 2015 23:20
Tale Heydərov: Artıq hədəf qrup mərhələsinə vəsiqə qazanmaqdır
"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 (ilk oyun 1:1) hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Yaxşı oynadıq və qələbə qazandıq. Azarkeşlərin çox olması yaxşı məqamlardan idi. Fikrimcə, layiqli qələbə qazandıq. Amma bu mərhələyə qədər irəliləcəyimizi əksəriyyət gözləmirdi. Lakin biz bacardıq. Hesab edirəm ki, daha böyük uğurlara imza ata bilərik. Artıq hədəfimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdır. Buna çalışacağıq. Mükafat? Mətbuatda çox şişirdilmiş məbləğlər göstərilir. Amma bunlar həqiqəti əks etdirmir".
