Laşa Kasradze: Atletikə qol vura bilərik
"İnter"in müdafiəçisi Laşa Kasradze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- İki cavabsız qolla uduzduğunuz ilk oyun haqda nə deyə bilərsiniz?
- "Atletik"in gücü hər kəsə yaxşı bəllidir. Fikrimcə, Bilbaoda heç də pis oynamadıq. Sadəcə, bir neçə səhvimiz oldu ki, ispanlar da yararlanıb, bizə iki qol vurdular.
- "Atletik" məhz siz gözlədiyiniz dərəcədə güclüdür?
- Onların yaxşı oynadığını, güclü komanda olduğunu bilirdim. Fikrimcə, bu, ilk oyunda da özünü göstərdi.
- İlk matçın nəticəsi cavab matçı öncəsi optimist düşünməyə əsas vermir...
- Əlimizdən gələni edəcəyik. Sadəcə, səfərdəki iki səhv bizə baha başa gəldi.
- Bakıda hansı nəticəyə ümid edirsiniz?
- Hər şeyin itirildiyini deməzdim. Necə olacağını oyun göstərəcək.
- Yəqin ki, Avroliqanın üçüncü təsnifat mərhələsində "Atletik" kimi klubla qarşılaşdığınız üçün təəssüflənirsiniz...
- İnanın ki, tam əksinədir. Bizə məhz "Atletik" kimi klubun rəqib olmasına çox sevinirəm. Çünki onlardan öyrənəcəyimiz çox şey var.
- "Atletik"i keçməyiniz möcüzəyə bərabər hesab oluna bilər?
- Niyə ki? Futbolda hər şey olur.
- Elə isə bu komandanı keçmək üçün necə oynamağa hazırlaşırsınız?
- Buna yalnız o halda nail ola bilərik ki, müdafiədə heç bir səhv buraxmadan qollar vuraq. Əsas inamdır. Biz də inanırıq.
- "San Mames" stadionunda qol vursaydınız, cavab görüşündə işiniz bir qədər asan olardı...
- İspaniyada qol vurmaq üçün elə də çox şansımız olmadı. Cavab görüşündə maksimum diqqətli olmalıyıq ki, "Atletik" yenə bizə qol vurmasın. Fərqlənmək üçün isə əlimizdən gələni etməliyik. Fikrimcə, Bakıda "Atletik"ə qol vura bilərik.
- "Atletik"i keçəcəyiniz halda Avroliqanın qrup mərhələsinə düşməyə borclu olacaqsınız...
- Gəlin tələsməyək (gülür). Öncə "Atletik"i keçək, ondan sonra necə olacağına baxarıq.
