Armstronq: Qarabağ ilə oyun iştirakçısı olduğum ən çətin matçlardan biri oldu
Şotlandiyanın "Seltik" klubunun yarımüdafiəçisi Stüart Armstronq UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri cavab matçından danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasınd 0:0 hesabıyla başa çatan (ilk oyun 0:1) qarşılaşmadan sonra bunları söyləyib:
"Ağır oyun oldu. Bilirdik ki, onlar hücuma atılacaqlar, qol vurmağa çalışacaqlar. Amma şadam ki, qapımızı toxunulmaz saxlamağı və ÇL-dəki mübarizəni davam etdirə bildik".
Armstronqun sözlərinə görə, o, heç vaxt belə gərgin qarşılaşmanın iştirakçısı olmamışdı: "Qarabağ"la oyun təşkilatçılıq, oyun planı, azarkeş dəstəyi baxımından iştirakçısı olduğum ən çətin görüşlərdən biri oldu".
Yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunun qazonu ilə də bağlı fikirlərini açıqlayıb: "Qazona görə oyun daha da ağır keçdi. Çünki həm fiziki, həm də mənəvi cəhətdən buna hazır olmaq çətinlik yaradırdı. Topu daim nəzarətdə saxlamaq lazım gəlirdi. Çünki hər yerə dəydikcə top istiqamətini dəyişirdi. Buna da xüsusi köklənmək lazım gəlirdi".
Armstronq növbəti mərhələyə vəsiqə qazanmalarının sevincini də bölüşüb: "Növbəti mərhələyə vəsiqə qazanmağımızın sevincini hakimin final fitindən dərhal sonra görə bilərdiniz. Bundan da isti havada oyun keçirmişdim. Amma matçın əhəmiyyətini, rəqibin kimliyini nəzərə alsaq, belə temperaturda bu qədər hərəkət etmək doğrudan da əls sınaq idi".
"Seltik"in yarımmüdafiəçisi ÇL-in pley-off mərhələsində qarşılaşacaqları potensial rəqiblər barədə danışmaq istəməyib: "Pley-offda kiminlə qarşılaşacağımızı bilmirəm. Hələ ki, bu mərhələyə vəsiqə qazanmağın sevincini yaşayıram və buna görə çox şadam".
